AZ   |   RU
Rusiyanın Bakı üçün təhlükəli gedişi – Moskvanın planlarında nələr var?

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan özünün “tvitter” hesabında "Sentyabrın əvvəlində rəsmi İrəvan Rusiya Federasiyasının təqdim etdiyi Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı əsas prinsiplər və parametrlər əsasında işləməyə razılıq verib və bunu Soçidə təsdiqləməyə hazırdır. Ümid edirik ki, Rusiya öz təkliflərini dəstəkləyəcək” sözlərini qeyd edib.

Paşinyanın bu açıqlamasında diqqətçəkən məqam Rusiyanın təklifləri ilə bağlı dedikləridir. Rusiyanın təkliflərinin konkret olaraq nələrdən ibarət olduğunu aydınlaşdırmaq məqsədilə siyasi ekspert Turan Razeylə əlaqə saxladıq. 
 
Ekspert Missiya.Az-a açıqlamasında əvvəlcə qeyd edib ki, Vladimir Putinin Valdaydakı çıxışı Rusiyanın proseslərə əvvəlki dövrlə müqayisədə fəqli baxdığını göstərib:

"Həmin çıxışdan aydın oldu ki, Moskvanın Bakı və İrəvanla fikir ayrılıqları var. Rusiya indi Azərbaycandan çox Ermənistana təzyiq göstərməyə çalışır. Hazırda masada nizamlama məsələsi üzrə Vaşinqton və Moskva versiyaları var. Hər iki versiyada Bakı üçün riskli tezislər var.

Vaşiqnton versiyasında qeyd olunub ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü onsuz da tanıdığını desə də, Qarabağda status tələb edir. Çox ehtimal ki, ABŞ ermənilərin status əldə edilməsi istiqamətində Azərbaycana təzyiqlər edə bilər.

Moskva versiyasına gəldikdə isə əslində Rusiya tərəflər arasında proseslərin yekunlaşmasını istəmir. Sadəcə olaraq, Qərbin İrəvan və Bakı arasında sülh müqaviləsi ilə bağlı fəallığını artırması Moskvanı narahat edir. Ona görə də Rusiya çalışır ki, özünün vasitəçiliyi ilə tezliklə iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanmasına nail olsun. Ancaq Rusiyanın vasitəçiliyi ilə imzalanacaq müqavilə çox ehtimal ki, 88-ci ildəki vəziyyətə gətirib çıxaracaq. Yəni regionda Rusiya sülhməramlıları qalacaq, Qarabağın muxtar statusu olacaq və bununla da Moskva həm Bakıya, həm də İrəvana müdaxilə etmək imkanları əldə edəcək”.

Turan Rzayev hər iki təklifin Bakı üçün məqbul olmadığını bildirib:

“Ancaq buna baxmayaraq Paşinyanın indiki məqamda sülh müqaviləsi ilə bağlı atdığı addımları müsbət hal kimi də qiymətləndirə bilərik. Çox ehtimal ki, İlham Əliyev və Paşinyan ikitərəfli görüşlər də keçirə biləcək. Və bununla da tərəflər özləri öz aralarında uzlaşa bilərlər. Əslində tərəflərin ikili masa arxasında oturması əvvəldən arzulanır. Çünki o zaman danışıqlar daha effektli ola bilər. Çox ehtimal ki, Paşinyanın çıxışları da buna bir işarədir. O, çıxışlarında ikili görüşlərin keçirilməsi ilə bağlı müəyyən mesajlar verib”.
 
Daşqın Həsənov
Missiya.Az
 
 


  • 28-10-2022, 15:08