AZ   |   RU
NATO-dan İran və Rusiyaya xəbərdarlıq

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya Ukraynada gərginliyi artırmaq üçün saxta bəhanələrə əl atmamaq və İrana isə müharibədə Rusiyaya yardım etməmək barədə xəbərdarlıq edib.

Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Stoltenberq ABŞ-a məxsus “CorcBuş” təyyarədaşıyan gəmisini ziyarət edib və orada mətbuata açıqlama verib.

O, çıxışında Ukraynadakı müharibəyə toxunaraq, müharibənin çox mühüm mərhələdə olduğunu bildirib.

“Rusiya prezidenti Vladimir Putin uğursuzluqlarına döyüş meydanında daha çox aqressivliklə cavab verdi” deyən Stoltenberq Rusiyanın mülki əhaliyə, yaşayış məntəqələrinə və mülki infrastruktura hücumlar təşkil etdiyini vurğulayıb.

"Rusiya indi yalan iddialar irəli sürür ki, Ukrayna öz ərazisində çirklənmiş radioloji bombadan istifadə etməyə hazırlaşır. NATO müttəfiqləri açıq-aydın yalan kimi görünən bu ittihamı inkar edirlər. Rusiya çox vaxt öz etmək niyyətində olduqları şeylərə görə başqalarını günahlandırır. Suriyadan nümunə götürün." – deyə Stoltenberq bildirib. 

İran haqqında da danışan Yens Stoltenberq İranın son günlər Rusiyaya hərbi yardımlar etdiyini vurğulayıb.

“Bu qəbuledilməzdir” deyən Stoltenberq onu da əlavə edib ki, heç bir ölkə Rusiyaya kömək etməməlidir, bəzi NATO ölkələri və Avropa İttifaqıisə İrana qarşı sanksiyaların tətbiqini alqışlayır.

Qeyd edək ki, təyyarədaşıyan gəmi ilə bağlı araşdırmaları dəyərləndirən Stoltenberq bildirib ki, gəmi "Neptun zərbəsi 2022" təlimi çərçivəsində NATO komandanlığı altında bir işçi qrupuna rəhbərlik edir.

Xatırladaq ki, NATO-nun "Neptun zərbəsi 2022" təlimində 24 NATO ölkəsi və NATO tərəfdaşları İsveç və Finlandiyadan 80-dən çox döyüş təyyarəsi, 14 gəmi və təxminən 6000 əsgər iştirak edir.
 
Teymur Aslanov
Missiya.Az

  • 26-10-2022, 13:46