AZ   |   RU
Şimaldan əli üzülən Ermənistan “işarəni” Qərbdən gözləyir


Azərbaycan dünyanın ən böyük beynəlxalq təsisatı olan BMT-nin 30 il icra edə bilmədiyi qətnamələrini və qəbul edilmiş beynəlxalq hüquq prinsiplərini icra etdi. Torpaqlarını işğaldan azad edən Azərbaycan Ermənistanın da regionda işğalçılıq siyasətinə son qoydu. 
 
İndi isə bəyanatda göstərilən maddələrin icrası istiqamətində addım atmaqda tərəddüd edən “Məğlub lider”, Rusiyadan ümidinin üzüldüyünü görüb, “Qibləsini” Qərbə döndərib. Azərbaycan prezidentinin ATƏT və Minsk üçlüsünün məsələ ilə bağlı fəaliyyətləri haqqında dəfələrlə “tarixə qovuşdu”-deyərək göstərdiyi qətiyyətə baxmayaraq hələ də ermənilərin 30 illik romantikası bitməyib.
 
Avropa İttifaqı Mülki Missiyasının Azərbaycan-Ermənistan sərhəddinin Ermənistan tərəfində yerləşdirilməsinə Azərbaycanın ciddi reaksiya verməməsi deyəsən, Paşinyanı əməlli-başlı cəsarətləndirib. İndi də Nikol yenidən ATƏT-ə  Azərbaycanla sərhəddə müşahidəçi göndərməyi xahiş edib. 
 
Digər tərəfdən dəfələrlə bu cür müraciətlərinə mənfi cavab alan Ermənistan KTMT-yə daxil olan ölkələrin sərhəddə baş verənlərə reaksiya vermələrini tələb edir. “Suda boğulan saman çöpündən yapışar” deyiblər. Ermənistanın bu günkü vəziyyətini tam olaraq bu cür qiymətləndirmək olar.
 
Azərbaycan və Türkiyəyə qarşı isti münasibət bəsləməyən ölkələrə sözün əsl mənasında yalvarmağa başlayan Paşinyan yaxşı bilir ki, son akkordlarıdır. O, ya verdiyi vədləri yerinə yetirəcək, ya da yeni bir müharibənin başlamasına səbəb olacaq. Belə olan halda Ermənistanın mövcudluğu da sual altına düşəcək. Hindistana xarici içlər nazirinin rəhbərliyi ilə nümayəndə göndərməsinin altında da Hindistandan siyasi və hərbi yardımlar almaq niyyəti dayanır.
 
Amma artıq erməni millətinin bir başbiləni çıxıb deməlidir ki, çıxış yolu ancaq mənasız iddialardan əl çəkmək, normal qonşuluq münasibətləri  qurmaq və ən asası verilən sözləri tutmaqdan keçir.
 
Deməli, 2020-ci il Üçtərəfli Bəyanat və Bürüssel razılaşmalarından kənarda nə isə çıxış yolu axtarmaq sadəlöhvlükdən başqa bir şey deyil. Nə Hindistanın silah və texnika vədləri, nə Yunanıstanın yanınızdayıq təsəllisi, nə İranın ölkəmizlə sərhəddə texnika cəmləməsi, nə Fransanın boşboğazlığı, nə də başqa dövlətlərin “Saxta sevgi” nümayişləri türk torpaqlarında böyük Ermənistan qurmaq xəyalı ilə mürgüləyən ermənilərin “Yuxusu”nu yoza bilməyəcək. Həmin güclərin illərdir ki, Azərbaycana qarşı təsir “rıçaq”ı kimi istifadə etdikləri “Qarabağ” problemi artıq onlar üçün sonu hüsranla bitən bir hekayədir. Qəbul etsələr də etməsələr də.

Aqil Musa
Missiya.Az


  • 19-10-2022, 13:35