AZ   |   RU
Avropada enerji böhranı - Odun oğurluğu artmaqdadır

Enerji böhranı və təbii qazın qiymətinə görə Avropada həyəcan təbili çalınır. 

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avropada enerji böhranı ilə əlaqədar hazırda oduna yüksək tələbat var və bu da qiymətlərdə özünü göstərir. Belə ki, keçən il 60-70 avroya alınan odunun qiyməti indi hətta bəzi hallarda 200 avroya qədər qalxa bilir. Bir çox dilerlər hazırda yalnız daimi müştərilərini odunla təmin edirlər. 

Almaniyada qiymətlərin artması meşələrdən odun oğurluğunu da artırıb. Hazırda meşəbəyilər ağacları qorumaq üçün GPS-dən istifadə etməyə başlayıblar və zərərin milyonlarla olduğu bildirilir. Ölkə ərazisində meşədən odun oğurlamaq və ya ağac kəsmək cinayət hesab edilir, xüsusi hallarda isə yüksək cərimələr və hətta həbslə cəzalandırılır. 

Odun oğurluğunun artdığı bir vaxtda enerji böhranı ilə bağlı Avropa İttifaqı liderlərinin sammiti keçiriləcək. Avropa İttifaqına üzv ölkələrin liderləri 20-21 oktyabr tarixində Brüsseldə keçiriləcək sammitdə elektrik enerjisinin istehsalında istifadə olunan təbii qazın tavan qiymətini müzakirə edəcəklər.

“Gündəliyimizin diqqət mərkəzində təcili qarşısını almalı olduğumuz enerji böhranı olacaq” deyən Avropa İttifaqının prezidenti Şarl Mişel tələbin azaldılması, tədarük təhlükəsizliyinin təmin edilməsi və qiymətlərə nəzarət üzərində dayanacaqlarını bildirib.

İclasda enerji qiymətlərini aşağı sala biləcək digər tədbirləri də qiymətləndirəcəklərinə diqqət çəkən Mişel, birgə qaz alqı-satqısı ilə ittifaqın ortaq danışıq gücündən istifadə etmək, daha doğrusu yeni etalon hazırlamaq kimi mövzuları müzakirə edəcəklərini qeyd edib.

Mişel bildirib ki, ölkələrin müxtəlif yanaşmalarına baxmayaraq, müzakirənin konstruktiv və qarşılıqlı şəkildə formalaşacağı nəzərdə tutulur.

Avropa İttifaqının 15 üzv ölkəsi idxal olunan təbii qaza qiymət tətbiq etmək üçün plan hazırlanmasını istəyir. İttifaqa üzv olan digər ölkələr isə bu mərhələdə təbii qaz qiymətlərinin məhdudlaşdırılması ideyasını dəstəkləmirlər. 

Nəriman Sultanoğlu
Missiya.Az



  • 18-10-2022, 18:02