AZ   |   RU
Zəngəzur dəhlizi, Ermənistanın vaxt uzatmaq cəhdi və daha bir HƏRBİ ƏMƏLİYYAT gözləntisi

Son bir neçə ayda Ermənistan və Azərbaycan rəhbərlərinin müxtəlif platformalarda görüşməsi və müəyyən razılaşmaların əldə olunmasına baxmayaraq Ermənistan hələ də Zəngəzur dəhlizinin açılması ilə bağlı real addımlar atmır, bununla yanaşı, iki dövlət arasında sülh sazişinin imzalanmasını da ləngidir.

Praqa görüşündən sonra Prezident İlham Əliyev televiziya kanallarına verdiyi müsahibədə  məsələ ilə bağlı aydın münasibət ifadə edərək demişdir: “Bu gün mən Ermənistanın baş nazirinə yenə də müraciət edəndə ki, nəhayət bizə avtomobil yolu üçün marşrut verin, təəssüflər olsun, yenə də cavab ala bilmədim. Bu, hətta gülməli də deyil, çünki orada o qədər də böyük sahə yoxdur. Hamı bilir ki, dəmir yolu və avtomobil yolu haradan keçməlidir. Bizə Naxçıvana könüllü olaraq keçid verilməməsi anlaşılan deyil. Öz öhdəliyini pozmaq, əlbəttə, son dərəcə biabırçı faktdır. Lakin biz hələ səbir edirik, təmkin göstəririk. Əminəm, biz buna da nail olacağıq, yaxşı olardı ki, gec deyil, tez olsun”.

Prezidentin bu çıxışı erməni baş nazirin hələ də dəhlizlə bağlı öhdəliklərini yerinə yetirməyə cəsarətinin çatmadığından xəbər verir. Bunun əvəzində isə biz başqa bir mənzərəyə şahidlik edirik. Paşinyanın erməni lobisi və himayədarlarının eləcə də, daxili publikanın təyziqi ilə sərgilədiyi hərdəmxayallıq regionda davamlı sülh və sabitlik üçün yaranmış münbit şəraitə ağır zərbə vurur. Bu arada Paşinyan daha bir sərsəm açıqlama ilə “gündəmə” gəlib. O, rəsmi tviter hesabından belə bir paylaşım edib: “Artıq bir neçə aydır ki, Azərbaycanın şərqi ilə Naxçıvan arasında əlaqəni təmin etmək üçün Ermənistan-Azərbaycan sərhədində 3 keçid məntəqəsinin açılması ilə bağlı Ermənistan hökumətinin qərar layihəsi rəsmən dövriyyədədir. Ermənistan hökuməti Azərbaycandan müsbət cavab gözləyir".  

Dəfələrlə Ermənistanı məsuliyyətli bəyanatlar verməyə çağıran rəsmi Bakı növbəti dəfə “2020-ci il noyabr Bəyanatı”nı xatırladaraq Paşinyanın fikirlərinə reaksiya verib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən verilən cavabda qeyd olunur:  “Ermənistan 2020-ci ilin noyabrında imzalanmış Üçtərəfli Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ilə avtomobil-dəmir yollarının birləşdirilməsi üzrə öhdəliklərindən yayınmaq üçün saxta bəhanələrə son qoymalıdır. 20 ay davam edən müzakirələrə məhəl qoymadan əlaqə üçün yoxlama nöqtələrinin 3 qeyri-real variantını təklif etmək yaxşı siyasət deyil". 

Məlumat üçün bildirək ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının maneəsiz əlaqəsini təmin etmək öhdəliyini  götürən Ermənistan 2 ilə yaxın bir müddətdə nəyin ki, bu öhdəliyini yerinə yetirmir, həmçinin öz silahlı birləşmələrini də Azərbaycan ərazisindən indiyədək çıxarmayıb. 

Azərbaycan Prezidenti yaranmış vəziyyət və Ermənistanın məsuliyyətsiz davranışları barədə üç gün əvvəl Astanada verdiyi bəyanatla dövlətimizin mövqeyini bütün dünyaya bir daha aydın etdi:  “Biz hələ ki, səbr nümayiş etdiririk, lakin bunun da bir həddi var. 2020-ci ilin noyabr Bəyanatının iki vacib bəndi icra edilməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq”.

Məcburiyyət qarşısında hansı seçimin üzərində dayanacağımızı yəqin ki, izah etməyə ehtiyac yoxdur. Bu günə qədər təxribatların qarşısını almaq üçün hansı addımlar atmışıqsa, öhdəliklərin yerinə yetirilməməsinə də analoji tərzdə reaksiya verə bilərik. Bu isə onsuz da uçurumun astanasında olan Ermənistanı daha da ağır durumla üzləşdirə bilər. Əgər rəsmi İrəvan bu dəfə yenə Fransa və ya hansısa digər ölkənin dəstəyinə ümid edirsə, bu da boş və mənasız cəhddir. İlham Əliyev ötən illər ərzində dəfələrlə nümayiş etdirib ki, Azərbaycanı öz haqlı mövqeyindən heç bir qüvvə yayındıra bilməz. Odur ki, öhdəliklər mütləq yerinə yetirilməlidir! Ermənistanın inkişaf yoluna keçid eləmək üçün başqa yolu yoxdur.  Onu da dərk etməlidirlər ki, bu gün sərgilənən mövqe bir tərəfdən erməni xalqının və dövlətinin, bir tərəfdən də regionun təhlükəsizliyinə təhdiddir.  

Aqil Musa
Missiya.Az



  • 18-10-2022, 10:05