AZ   |   RU
Rusların ölkədən qaçışı davam edir – Qazaxıstan 200 min rusu qəbul edib

Səfərbərlik elan olunandan 200 mindən çox Rusiya vətəndaşı Qazaxıstana keçib.
 
Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama ilə Qazaxıstanın daxili işlər naziri Marat Ahmetcanov çıxış edib.
Nazirlər Şurasının həftəlik iclasından sonra jurnalistlərə açıqlama verənnazir Rusiyadan gələnlərlə bağlı vəziyyətin nəzarət altında olduğunu vurğulayıb:  “21 sentyabrdan bu yana 200 mindən çox Rusiya vətəndaşı gəlib. Eyni zamanda, 68 nəfər isə Qazaxıstan vətəndaşlığı üçün müraciət edib”. 

Ahmetcanov Rusiyada səfərbərliyin ilk günlərindən etibarən Qazaxıstan-Rusiya sərhədində sıxlığın müşahidə olduğuna diqqət çəkib: "Təkcə dünən 7 min Rusiya vətəndaşı ölkəmizə keçib".

Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiya və Kosmik Sənaye naziri Bağdat Musin isə sentyabrın 21-dən etibarən təxminən 70 min Rusiya vətəndaşına əcnəbilər üçün ayrılmış fərdi identifikasiya nömrəsi verildiyini bildirib.

Musin vurğulayıb ki, bu fərdi identifikasiya nömrəsi Rusiya vətəndaşlarına təkcə bank hesabı açmaq üçün deyil, həm də ümumilikdə ölkədə qalmalarına nəzarət etmək üçün verilib.

Qeyd edək ki, qismən səfərbərlik qərarından sonra Qazaxıstana axın etməyə başlayan Rusiya vətəndaşları, bank hesabı açmaq və ya kart almaq istəyən əcnəbilərə verilən “fərdi identifikasiya nömrəsi”nə müraciət etmək üçün dövlət xidmətlərinin göstərildiyi mərkəzlərdə uzun növbələr yaradıblar. 

Teymur ASLANOV
Missiya.Az


  • 4-10-2022, 13:47