AZ   |   RU
Ermənilər hansı istiqamətlərdən hücum edə bilər? – Hərbi ekspertlər yeni təxribatların olacağını istisna etmirlər

“Azərbaycanla Ermənistan arasında bufer zona yaradılması prosesi başa çatdırılmalıdır”
 
İşğalçı ölkənin baş qərargah rəisinin müavini, general-mayor Arakel Martikiyanın jurnalistlərə açıqlamasında Ermənistanın hücuma hazırlaşdığını bildirməsi şərti olaraq sərhəd ərazilərdə yeni toqquşmanın baş verəcəyinə dair ehtimalları daha da atrırır. Baş qərargah rəisinin müavini hücum planını gizlətməyərək, “Əraziləri bərpa etmək üçün əmr almışıq, əmri yerinə yetirmək borcumuzdur” deyib. Bu açıqlamanın məqsədlərindən biri daxili auditoriyanı sakitləşdirməkdir. Lakin belə bir bəyanatın səsləndirilməsi də yalnız daxili auditoriya üçün deyil. Əlbəttə ki, bunun arxasında erməni tərəfinin əsas niyyəti də gizlənir.
 
Bəs erməni generalı cəsarətləndirən hansı amillərdir? Təkcə 2023-cü ildə müdafiə büdcəsinin 47% artırılması faktımı?  Yoxsa ən yaxşı işi pafoslu filmlər istehsal edən Hindistandan alınan silahlara güvənirlər?
 
Mövzu ilə bağlı hərbi ekspertlərin fikirlərini öyrəndik.

Hərbi ekspert Ədalət Verdiyev Missiya.Az-a açıqlamasında bildirdi ki, erməni tərəfdən müharibə çağırışları ilk dəfə deyil ki, eşidilir:
“Mən müharibədən çox toqquşmaların olacağı ehtimalını daha böyük hesab edirəm. Çünki, müharibə etmək üçün əks tərəfin zəruri olan hərbi potensialı yoxdur. Amma kiçik və orta miqyaslı toqquşmaların ola biləcəyini də kimsə istisna etməməlidir”.

 
Qarşıdurmanın hansı əraziləri əhatə edəcəyinə dair suala gəldikdə, Ədalət Verdiyev hesab edir ki, qarşıdurmalar yenə də tarixi Azərbaycan torpaqlarında -  Kəlbəcər və Daşkəsən istiqamətində  gözlənilir: “Laçın istiqamətində, xüsusilə də Qarakilsə rayonunda yerləşən düşmən mövqelərindən bizim mövqelərə qarşı təxribatların törədilməsi də istisna deyil. İstənilən halda düşmənin törətdiyi təxribatlar daha əvvəllər olduğu kimi yenə də Ermənistan Ordusunun ciddi texnika və insan itkiləri ilə nəticələnəcək. Hesab edirəm ki, belə bir təxribatlar baş verərsə, Azərbaycan Ermənistanla sərhəddə tarixi torpaqlarımızın hesabına təhlükəsizlik zonasının yaradılmasını da başa çatdırmalıdır. Bu zona yaradılmadığı müddətdə erməni təxribatları müxtəlif miqyaslarda təkrarlanacaq”.
 
Ehtiyatda olan mayor, hərbi ekspert  Natiq Əlisoy Missiya.Az-a açıqlamasında bildirdi ki, müharibə  sadəcə boş çağırışlarla aparılmır: “Bunun üçün ölkənin müdafiə qabiliyyəti, hərbi gücü, təminatı, iqtisadiyyatı və siyasi aləmdə nüfuzu olmalıdır. Ermənistan bu məsələlərdə tənəzzülə uğramış, biabırçı məğlubiyyətə düçar olmuş, gah Qərbdən, gah da ermənipərəst qüvvələrdən imdad diləyən işğalçı bir dövlətdir. Ermənistan demarkasiya və delimitasiya məsələlərindən qaçmaq və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün guya ki, vaxt qazanmağa çalışır. Qeyd etmək lazımdır ki, Ermənistanın düşdüyü çətin vəziyyətə baxmayaraq yenə də cəbhə xəttimiz boyunca təxribatlara əl atacağı, ərazilərimizi müxtəlif vaxtlarda atəşə tutacağı istisna deyil”.
 
Ermənistanın müharibə edəcək gücdə olmadığını deyən Natiq Əlisoy kiçik miqyaslı toqquşmaların ola biləcəyi ehtimalını istisna etmir:
“Bu gün qısa desək Ermənistanın başı Rusiyada, ayağı Qərbdə, ürəyi isə Qarabağda qalıb. Ermənistan-Azərbaycan sərhədində genişmiqyaslı münaqişənin baş verəcəyini ehtimal etmirəm. Çünki, münaqişənin baş verməsi hər bir halda Ermənistanın ziyanına olacaq. Bu gün Ermənistan ordusunda, eləcə də ictimayətində böyük uçurumlar var. Ölkədəki gərgin ictimai-siyasi vəziyyət ən pik həddə çatıb. Günahkar isə Ermənistanın həm indiki, həm də keçmiş hərbi-siyasi rəhbərliyidir. II Qarabağ savaşında ordusunun 70 faizini itirən Ermənistanın yenidən dirçəlməsi üçün ən azı 20 il vaxt lazımdır, yəni yeni nəsil formalaşmalıdır”. 

Natiq Əlisoy da hesab edir ki, ermənilərin növbəti təxribatı Daşkəsən, Kəlbəcər və Zəngilan istiqamətində ola bilər.
 
Nəriman Sultanoğlu
Missiya.Az



  • 30-09-2022, 15:22