AZ   |   RU
“Ermənistan itirilmiş mövqeləri qaytarmaq üçün hücum edəcək” – Asif Nərimanlı

“Qərb ölklərinə yeni bir toqquşma lazımdır”.

Sentyabrın 12-13 tarixləri arasında Ermənistanın Azərbaycanla sərhəd zonasında həyata keçirdiyi təxribatlardan sonra ordumuz düşmənə layiqincə cavab verdi. Nəticədə qarşı tərəf yüz milyonlarla dəyərində hərbi texnikasını və xeyli sayda canlı qüvvəsini itirdi. Bununla yanaşı, Azərbaycan tərəfi sərhəd zonasında yerləşən və bizim üçün təhlükəsizlik baxımından strateji hesab olunan bir sıra vacib yüksəkliklərə nəzarət etmək imkanı qazandı.
 

Bundan sonra isə Ermənistan ciddi təşvişə düşərək, Azərbaycan Ordusunun guya onlara məxsus ərazilərə daxil olduğunu iddia etməyə başladı. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyev Laçın rayonuna səfər edərkən bu məsələyə xüsusilə toxunaraq bildirdi ki, Ermənistan tərəfi delimitasiya şərtlərinə əməl etmir və bu səbəbdən də hansısa sərhəd pozuntusundan söhbət gedə bilməz. Dövlət başçısının da bəyan etdiyi kimi, iki ölkə arasında yekun sərhəd xətti müəyyənləşdirilmədiyi müddətcə İrəvanın heç bir sərhəd pozuntusundan danışmağa haqqı yoxdur.
 
Son günlər isə Ermənistan rəsmiləri yenidən fəallaşaraq itirdikləri əraziləri geri qaytaracaqlarını bəyan edirlər. Bununla bağlı ötən gün Ermənistan baş qərargah rəisinin müavini Arakel Marikikyan bildirib ki, hücum edərək itirdikləri mövqeləri geri qaytaracaqlar. 
 

Erməni rəsmilərinin açıqlamalarından görünür ki, İrəvan tərəfi Azərbaycana qarşı yeni təxribatlara hazırlaşır. Hətta Ermənistan Hindistanadan 245 milyon dollar dəyərində hərbi texnika aldığını da açıqlayıb. Görünən odur ki, düşmən tərəfi təxribata ciddi hazırlaşır. 
 
Maraqlıdır, Azərbaycanla Ermənistan arasında hərbi münaqişə yenidən aktiv fazaya kəçərsə, Qərbin və Rusiyanın bu hadisəyə münasibəti necə olacaq? Xüsusilə Rusiya hansı mövqedə dayana bilər? 
 
Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən siyasi ekspert Asif Nərimanlı bildirdi ki, Azərbaycan tərəfi sərhədi bərpa etmək istiqamətində irəliləməsi Ermənistan hakimiyyəti üçün ciddi problemlər yaradıb:
 
“Erməni rəsmiləri ictimai rəydəki neqativliyi aradan qaldırmaq istəyirlər. Ermənistanın baş qərargah rəisinin müavini Arakel Marikikyanın “itirdiyimiz mövqelərə hücum edib onları geri qaytaracağıq” kimi fikirləri də ictimai rəyə hesablanmışdı. Əslində isə bu cür əməliyyatların olacağı ilə bağlı xəbərlər gizli saxlanılmalıdı. Bundan əlavə həmin açıqlamanın təsdiqi də olmalıdır. Marikikyan isə bu açıqlaması ilə bildirdi ki, belə bir əmr alıblar. Belə bir təsdiqin olduğunu son günlər erməni rəsmilərinin səsləndirkiləri açıqlamalar da sübut edir. Qarşı tərəfin açıqlamalarından aydın olur ki, onlar itirdikləri mövqeləri geri qaytarmaq üçün yenə hücum edəcəklər”. 
 
Asif Nərimanlı hesab edir ki, Ermənistan tərəfi hücum edəcəklərini açıq şəkildə bəyan edirsə, deməli, bunun arxasında siyasi səbəblər var: 
 

“Çox güman kı, bunun arxasında hansısa dəstək də dayanır. Bu prosesdə Rusiyadan daha çox Qərbin iştirakı var. Sərhəddə baş verən hadisələrlə bağlı Fransa, ABŞ və Avropa İttifaqı eyni mövqedən çıxış edərək Azərbaycan tərəfinin geri çəkilməli olduğunu bildirmişdilər. Ermənistan tərəfi Qərbin bu bəyanatlarından sonra özündə cürət tapıb Azərbaycan ordusunun mövqelərinə yenidən hücum etmək fikrindədir. Bu cür təxribatlar isə daha çox Qərbin maraqlarına uyğundur. Müharibədən sonra İrəvan və Bakı arasındakı danışıqlarda əsas vasitəçi Rusiya tərəfi idi. Qərb isə çalışır ki, bölgədə Rusiyanın vasitəçilik missiyasını sonlandırsın və təsir gücünü azaltsın. Qərbin məqsədi bütün razılaşmalarda aktiv iştirak etməkdir. Bunun üçün də Qərbə növbəti bir toqquşma lazımdır ki, tərəfləri öz vasitəsilə masa arxasında əyləşdirsin. Qarşı tərəfin də növbəti təxribatları məhz buna hesablana bilər”. 
 
Ekspertin fikrincə, əsas məqsəd iki ölkənin sərhədləri arasında yaranacaq bufer zonaya Qərb qüvvələrinin müşahidəçi missiyasını cəlb etməkdir. Bu məsələni Ermənistan baş naziri ilə bərabər son günlər bir sıra Qərb rəsmiləri də dilə gətirirlər. Bununla onlar Rusiyanın bölgədə təsir gücünü azaldıb əvəzində Qərbin siyası təsir gücünü artırmağa çalışırlar. Ancaq bunun reallaşacağı o qədər də inandırıcı görünmür. Çünki indiki məqamda bölgədə Rusiya və Türkiyənin daha çox təsir imkanları var”.
 
Daşqın Həsənov
Missiya.Az

 



  • 30-09-2022, 14:22