AZ   |   RU
Yunanıstan türk PUA-larını vurmaq istəyir – Afinanın “Aksungur” kabusu

Adalara zirehli texnika göndərilməsi yeni müharibəyə işarədir? 

Yunanıstanın Egeydə artan təxribatlarının Türkiyə tərəfindən pilotsuz uçuş aparatları ilə qeydə alınmasından qorxuya düşən yunanlar ölkə  mətbuatı vasitəsilə “Türkiyə PUA-larını vurmağın vaxtıdır” başlıqlı çağırışlar tirajlayırlar.

Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yunanıstanın beynəlxalq hüquqa zidd olaraq Egeydəki Qeyri-Hərbi Statuslu adalara zirehli texnika göndərdiyi anlar pilotsuz uçuş aparatları tərəfindən lentə alınıb.

Təhlükəsizlik mənbələrindən alınan məlumata görə, Egeydə missiya uçuşları həyata keçirən Türkiyə Silahlı Qüvvələrinə aid PUA-lar yunan desant gəmilərinin silahsızlaşdırılmış adalara 23 ədəd və əlavə olaraq da 18 ədəd taktiki təkərli zirehli texnika çıxardığını aşkar edib. Eyni zamanda, ABŞ tərəfindən göndərilən maşınlar arasında zirehli texnikanın da olması diqqət çəkib.

Yunanıstanın Egey adalarına zirehli maşınlar çıxarmasından sonra Türkiyə ilə artan gərginlik fonunda yunan mətbuatı türk PUA-larını hədəfə alıb. Yunanıstan nəşrlərindən birində yazılır ki, adaları seyr edən türk PUA-ları vurulmalıdır. Başqa bir qəzet isə adalara gətirilən maşınların ABŞ tərəfindən Yunanıstana hədiyyə edildiyini yazıb.

 

Türk PUA-larının Egey adalarında hərbi yükləri izləməsini narahatlıqla qarşılayan yunan mətbuatında “Bəlkə də pilotsuz təyyarələrin vurulmasının vaxtı çatıb” kimi ifadələr işlənilməkdədir. 

Yunanıstanın “Ta Nea” qəzetindəki köşə yazısında Egeydə kəşfiyyat uçuşları həyata keçirən pilotsuz uçuş aparatlarının vurulması çağırışı edilib. Məqalədə türk PUA-larının hərbi yükləri izləməsi və Yunanıstan səfirinin Türkiyə Xarici İşlər Nazirliyinə çağırılması tənqid edilib. “Ta Nea” qəzetində çap olunan məqalədə “Türkiyənin Afinadakı səfiri Yunanıstan Xarici İşlər Nazirliyinə çağırılmalı və bu hadisədən sonra Yunanıstanın hava məkanını pozan Türkiyə PUA-larının xəbərdarlıq edilmədən vurulacağı bildirilməli idi” ifadələri yer alıb. 

Yunanıstanın “Kathimerini” qəzeti isə adalara endirilən hərbi zirehli texnika ilə bağlı təfərrüatlara yer verib. Bildirilib ki, bunlar Ukraynaya hədiyyə edilmiş köhnə sovet istehsalı olan BMP-1 tipli amfibiya döyüş maşınlarını əvəz etmək məqsədilə ABŞ-ın Yunanıstana hədiyyə etdiyi M-1117 tipli zirehli texnikalardır. 

Türkiyə mətbuatı Egeydə kəşfiyyat-müşahidə fəaliyyətini “Anka-Aksungur” silahlı PUA-larının həyata keçirdiyini yazıb. Türkiyə Aviasiya və Kosmik Sənayesi tərəfindən hazırlanan “Anka-Aksungur” silahlı pilotsuz uçuş aparatı ilk olaraq Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığına təqdim edilib. Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edildikdən sonra xaricdə Aksungura maraq artıb. “Anka-Aksungur” 750 kq faydalı yük götürür və 50 saat havada qala bilir. Uzunmüddətli nəzarət, kəşfiyyat, dəniz patrul missiyaları və ya pilotsuz döyüş uçuş aparatı kimi istifadə üçün nəzərdə tutulan və adını yırtıcı quş növü olan ağ şunqardan götürən model, orta hündürlükdə uzun ömürlü pilotsuz uçuş aparatı olaraq təsnif edilir.
 
Göründüyü kimi, Türk müdafiə sənayesi çərçivəsində inkişaf etdirilən milli pilotsuz uçuş aparatları Türkiyə Silahlı Qüvvələrinə əhəmiyyətli əməliyyat imkanları qazandırır. Bu mənada Aksungur PUA inventarlaşdırıldığı gündən təhlükəsizlik qüvvələrinə əhəmiyyətli töhfələr verməkdədir. Kəşfiyyat-müşahidə missiyasında PUA-nın sualtı qayıqları aşkar etmək üçün istifadə edilən akustik qabiliyyəti də inkişaf etdirilir.

Nəriman Sultanoğlu
Missiya.Az

  • 28-09-2022, 18:30