AZ   |   RU
Vaşinqton Ermənistanı Moskvanın caynağından qurtara bilərmi? – Ağ Ev Paşinyan üzərindən Bakıya təzyiq etməyə çalışır

Birləşmiş Millətlər Təşkilatı Baş Assembleyasının 77-ci sessiyası çərçivəsində iştirak etmək üçün ABŞ-a səfər edən Ermənistan baş naziri Nikol Paşinyan Nyu-Yorkda dövlət katibi Entoni Blinkenlə görüş keçirib. 

Paşinyan Blinkenlə görüşü zamanı 12-13 sentyabr tarixində Azərbaycan-Ermənistan sərhədində baş verən proseslərə toxunub. O, hadisələr zamanı ABŞ-ın ortaya qoyduğu mövqeyi, Blinkenin danışıqlar prosesini və dialoqu dəstəkləmək səylərini yüksək qiymətləndirib. Bundan əlavə, Paşinyan Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmalı  və Bakının əlində olan əsirlərin geri qaytarılmalı olduğunu Blinkenin diqqətinə çatdırıb.
Blinken ABŞ-ın danışıqlar və sülh prosesində səylərini davam etdirməyə hazır olduğunu bildiirib. Blinken “Dağlıq Qarabağ  xalqı” üçün hərtərəfli və uzunmüddətli həllin zəruriliyini vurğulayıb. 


Xatırladaq ki, iki gün öncə Ermənistanın müstəqilli günü münasibətilə Paşinyana məktub göndərən ABŞ prezidenti Co Bayden də “Biz Dağlıq Qarabağ xalqı da daxil olmaqla münaqişənin sülh yolu ilə həllini təşviq etmək üçün sizinlə və qarşı tərəflə işləməyə davam edəcəyik” deyə bildirmişdi. Görünən odur ki, ABŞ “Dağlıq Qarabağ” terminindən istifadə etməklə bir növ Azərbaycana qarşı təzyiq göstərməyə çalışır və bununla göstərmək istəyir ki, bu problemin hələ də aradan qalxmayıb. 

Aydındır ki, ABŞ əlindəki kartlardan istifadə edərək bölgədə təsir imkanları gücləndirməyə çalışır. ABŞ rəsmilərinin dilindən “Dağlıq Qarabağ” terminlərinin və “Mins qrupu” ifadələrinin tez-tez işlədilməsi də məhz buna hesablanıb. Vaşinqton istifadə etdiyi bu terminlərinin reallığa uyğun olmadığını yaxşı bilir, sadəcə olaraq bununla Bakını sıxışdırmağa çalışır.  Digər tərəfdən, ABŞ rəsmiləri bu terminlərdən istifadə etməklə  İrəvanın əlinə oynamaq istəyir. Çünki Vaşinqton yaxşı başa düşür ki, bölgədə təsir imkanlarını ancaq İrəvan üzərindən davam etdirə bilər. Çünki Rəsmi Bakı müstəqil siyasət həyata keçirir və hansısa güclərin bizim üzərimizdən oyun oynamasına heç bir şərait yaratmır. 

Ermənistanın son zamanlar ABŞ ilə yaxın təmaslar qurmasının şahidiyik. Bunu ABŞ kəşfiyyat rəsininin və Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bir neçə gün bundan öncə İrəvana səfərlərindən aydın görmək olur. Hadisələrin gedişatı göstərir ki, Moskvadan umduğunu ala bilməyən İrəvan indi özünə Vaşinqtonu yeni ağası seçməyə qərar verib. Burada bir şeyi nəzərə almaq lazımdır ki, Ermənistanın müstəqilliyi əsasən Rusiyanın əlindədir. Çünki Ermənistan SSRİ dağıldıqdan sonra Rusiyanın hesabına öz ordusunun arsenalını təkmilləşdırıb və onun iqtisadiyyatı da daha çox Moskvadan aldığı kreditlər hesabına ayaqdadır. 

Azərbayacan qarşısında əzik vəziyyətə düşən Ermənistan Rusiayadan umduğu dəstəyi ala bilmədiyi üçün indi Qərbə yaxınlaşmasını daha aktiv fazaya keçirib. Lakin İrəvan Qərbə inanıb, Moskvaya nə qədər arxasını çevirsə, bu, daha çox onun ziyanına işləyəcək. İndiki həssas məqamda Qərblə Rusiyanın münasibətlərinin hansı səviyyədə olması da hər kəsə aydındır. Rusiyaya arxa çevirib, Qərblə yaxınlaşan İrəvanı Moskva ciddi şəkildə cəzalandıra bilər. O, zaman isə Ermənistanın güvəndiyi Qərb İrəvanı Moskvanın caynağından heç cür ala bilməyəcək.

Daşqın Həsənov 
Missiya.Az


  • 23-09-2022, 12:43