AZ   |   RU
Rusiyanın düşmən olmadığı ölkəyə düşmənçilik – Pelosinin erməni sevgisinin arxasında əslində nələr durur?
 
Rusiyanın düşmən olmadığı ölkəyə düşmənçilik – Pelosinin erməni sevgisinin arxasında  əslində nələr durur? 12-13 sentyabrda tarixlərində Azərbaycan Ermənistanın sərhəddə törətdiyi genişmiqyaslı təxribata cavab olaraq əks-hücum əməliyyatı keçirib.

Nəticədə düşmənin onlarla postu və strateji yüksəkliklər ələ keçirilib, dayaq məntəqələri, potensial hücum istiqamətlərindəki istehkamlar, müdafiə sistemləri, hərbi texnika və yüzlərlə canlı qüvvəsi məhv edilib. Azərbaycanın uğurlu əməliyyatlarından sonra istər daxildə, istərsə də qlobal arenada ciddi təzyiqlərlə üzləşən Ermənistan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də çıxış yolunu sülhdə yox, ağalarından imdad dilənməkdə gördü. Üzv olduğu KTMT-ə etdiyi müraciətin növbəti dəfə heç bir fayda vermədiyini görən Ermənistan üzünü Qərbə çevirdi.

Həmişə ermənipərəst mövqeyi ilə xüsusi seçilən Fransanın əsastəhlükəsizlik qarantı olması müzakirə edilməyə başlandı. Ermənilərin KTMT əvəzinə Fransanın zəmanətinə ümid bağlaması Qərbi də oyuna qatmaq planı ilə əlaqədardır. 17 sentyabrda isəABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana rəsmi səfər etdi.O, səfər çərçivəsində daha çox İrəvanda qondarma soyqırım qurbanları üçün  “timsah gözyaşları”  tökməsi ilə gündəm oldu.

Açıqlamalarında Azərbaycanı gərginliyi yaradan tərəf kimi göstərən Pelosinin  həyasız bəyanatları isə riakarlığın son həddi idi. Azərbaycan-Ermənistan sərhəddində baş verən gərginlik fonunda ABŞ-ın yüksək səviyyəli rəsmisinin təcavüzkar ölkəyəprovokativ səfər edərək saxta səmimiyyət nümayiş etdirməsi birmənalı qarşılanmadı və geniş müzakirələrə səbəb oldu. Uzun illərdir Cənubi Qafqaz regionunda Rusiyanın kölgəsində qalan ABŞ-ın xüsusən qlobal vəziyyətin də gərgin olduğu, münaqişə ocaqlarının yenidən alovlandığı bir vaxtda atdığı bu addımın pərdəarxası yəqin ki heç kim üçün o qədər də sirr deyil.

Təhlükəsizlik məsələsində Fransanı özünə ağa etmək istəyən ermənilər əslində uzun müddətdir KTMT-yə alternativ axtarırdılar. Ancaq indi Pelosinin səfəri ilə daha ciddi və böyük oyunçu olan ABŞ bu oyuna daxil oldu. Hər halda Nensi Pelosi Vaşinqtonun təhlükəsizlik siyasətini müəyyən edən şəxs deyil, ancaq onun çox önəmli bir fiqur olduğunu da danmaq olmaz. Pelosinin rəhbərlik etdiyi Nümayəndələr Palatasının ABŞ xarici siyasətindəki rolu bəlkə də tarixin ən yüksək səviyyələrindədir. Bundan əlavə, Baydenin Ermənistana münasibətinin də Pelosidən fərqli olduğunu demək çətindir.

Bəs hərb meydanında uduzaraq qaçan, diplomatik nümayəndəliklərimizə xain hücumlar etməkdən çəkinməyən bu millətə okeanın o tərəfindən uzanan yardım əli hansı məqsədlər daşıyır? Cənubi Qafqazda itirilmiş nüfuzunu bərpa etmək istəyən ABŞ-ın Ermənistanı “oyuncaq” seçməsi heç də təsadüfi deyil. Xüsusilə seçkilər ərəfəsində 84 yaşlı Pelosinin bu addımın baş rolunda olması erməni lobbisinin də dəstəyini qazanmaq istəyindən irəli gəlir. Gürcüstan, Əfqanıstan, nəhayət Ukrayna nümunələrindən dərs çıxarmayan Ermənistan,  “şiddətlə qınayırıq” dəstəyindən irəli getməyən ABŞ-a öz taleyini əmanət etməklə, riskə getdiyini anlamır. Hazırkı beynəlxalq situasiyada isə bir ölkənin edə biləcəyi ən böyük risk öz təhlükəsizliyi məsələsini qarşı cəbhələrdəki böyük güclər arasında “hərrac”a çıxarmaqdır. Yumşaq desək, bu, sadəcə kamikadzelikdir. Bu, həm ölkənin, həm də regionun taleyi ilə oynamaqdır.

Ermənistan rəhbərliyi isə Qarabağı Azərbaycan ərazisi kimi tanımaq yerinə, regionun kamikadzesinə çevrilməyi üstün tutur. Gərginliyin azaldılması üçün atəşkəs razılığının guya ABŞ-ın xüsusi rolu ilə əldə olunduğunu deyən erməni rəsmilər bu vasitə ilə Rusiyaya da mesaj vermək istəyirlər. ABŞ sətiraltı da olsa Rusiyanı təhlükəsizlik mövzusunda etibarsız tərəfdaş kimi qələmə verməyə çalışır. Azərbaycanı Ermənistanın ərazisinə soxulmaqda ittiham edən xanım Pelosi yəqin ki müharibədən iki il keçməsinə baxmayaraq sərhədlərin delimitasiya və demarkasiyasını məhz Ermənistanın ləngitdiyini unudur. Lakin xatırlatmaq yerinə düşər ki, Azərbaycan öz suveren ərazilərində, yalnız öz təhlükəsizliyini təmin etmək və sülhü bərqərar etmək üçün çalışır.

Bu fikirlər dövlət başçısı səviyyəsində də qeyd edilib. Digər tərəfdən Pelosi sülh tərəfdarı, ədalət carçısıdırsa, 30 il davam edən işğal zamanı harada idi?Məgər o zaman da  Azərbaycan gərginlik yaratmışdı? Şübhəsiz ki, yerində və zamanında gəlməyən ədalət ədalət deyil! Hər ədalətsizliyə səs edən Qərb niyə xaricdəki səfirliklərimizə, diplomatik nümayəndəliklərimizə edilən zorakılıqlara, vandalizm faktlarına susur? Bu sualların cavabı isə hamıya məlumdur – dəyişməyən ermənipərəst mövqe, Rusiyanın düşmən olmadığı ölkəyə düşmənçilik... Sözdə üç gün çəkməli olan səfərin cəmi bir gün sonra bitməsi, vəd olunanların yerinə yetirilməməsi, Azərbaycanın öz  haqqlarını qoruması ilə də birbaşa əlaqəlidir.

Pelosi digər münaqişələrdə də “ədalət” carçısı kimi iştirak etməyə çalışıbmı? Çinlə yüksələn gərginik fonunda bütün dünyanı təəcübləndirərək Tayvana səfər edən xanımın bu ziyarəti də göz dağı xarakteri daşıyırdı. Lakin nəticə onu göstərdi ki, bu dəstək də sadəcə sözdə oldu. 84 yaşlı bu qadın həqiqətən  ABŞ-ın sülhsevər üzü, yoxsa Rusiya-Çin cütlüyünün təsir zonalarında aktivləşmək siyasətinin kuklasıdır? Görünür Özbəkistanda keçirilən Şərq Əməkdaşlıq Təşkilatının iclasından əvvəl liderlərin qeyri-rəsmi görüşündə çəkilmiş  foto Paşinyana pis təsir edib. Ona görə KTMT-dən ayrılmaq fikirlərini artıq qulaq ardı etmir. Ermənistanı qaza gətirib gözlərində böyütmək istəyənlər isə unutmamalıdır ki, uzun illər birgə yaşadıqları qonşularına, tərəfdaş və müttəfiq olduqları dövlətlərə xəyanət edən, nəhayətində işğalçı xislətinə görə darmadağın edilib, məğlub ölkəyə çevrilən bu ölkə heç bir məqsəd üçün yararlı vasitə deyil. Çökdürülmiş bir dövlət, hərb meydanında məğlub olmuş bir ölkə özünü diqtə edən yox, diqtə edənlərlə razılaşmış tərəf kimi aparmalıdır.

TEYMUR ASLANOV
Missiya.Az


  • 19-09-2022, 18:19