AZ   |   RU
Mossad rəhbəri ABŞ rəsmilərinə İranla bağlı kəşfiyyat materialı təqdim edib

İsrail, ABŞ-a səfər edən Mossad xarici kəşfiyyat xidmətinin rəhbəri David Barneanın İranın nüvə fəaliyyətləri ilə bağlı ABŞ rəsmilərinə “həssas kəşfiyyat" materialı təqdim edib.

Missiya.Az Anadolu agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Baş Nazirliyinin mətbuat xidmətindən açıqlama verilib.

Mossad rəhbəri Barneanın bu gün başa vurduğu ABŞ-dakı diplomatik və təhlükəsizlik görüşləri barədə baş nazir Yair Lapidə məlumat verdiyi bildirilib.

Barneanın ABŞ təmasları çərçivəsində yüksək səviyyəli ABŞ rəsmiləri, o cümlədən MKİ və FTB rəhbərləri, Milli Təhlükəsizlik Müşaviri, Müdafiə Naziri, Baş Qərargah rəisi və Dövlət Departamentinin bir sıra rəsmiləri ilə diplomatik görüşlər keçirərək təhlükəsizlik məsələlərini müzakirə etdiyi açıqlanıb.

Barneanın görüşlər çərçivəsində ABŞ rəsmilərinə İranın nüvə fəaliyyətləri ilə bağlı "həssas kəşfiyyat materialları" təqdim etdiyi bildirilən açıqlamada "Mossad rəhbəri İranın dünyanı aldatmağa davam etdiyi bir vaxtda İsrailin boş dayana bilməyəcəyini vurğulayıb" deyib.

Açıqlamada həmçinin Barneanın amerikalı həmkarları ilə “İsrailin təhlükəsizliyinə sadiq qalaraq, İranın nüvə məsələsindəki kəskin mövqelərini daha da gərginləşdirəcəyi barədə danışıblar”.

Qeyd edək ki, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri, ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya (5+1) arasında Tehranın nüvə fəaliyyətlərinin tənzimlənməsi və nəzarət altına alınması barədə saziş imzalanıb. Daha sonra 2018-ci ildə keçmiş prezident Donald Trampın dövründə Vaşinqton birtərəfli qaydada sazişdən çıxdıqda və İrana qarşı sanksiyaları bərpa etməyə başlayanda, Tehran saziş üzrə öhdəliklərini tədricən dayandırdı və uranın yüksək səviyyədə zənginləşdirilməsi də daxil olmaqla, bir sıra addımlar atdı. Sazişin yenidən həyata keçirilməsini və ABŞ-ın sazişə qayıtmasını təmin etmək üçün 2021-ci ilin aprelindən etibarən Avropa İttifaqının (Aİ) koordinasiyası ilə aparılan danışıqlardan sonra tərəflər əvvəlki aylarla müqayisədə xeyli müsbət addımlar atdılar.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti avqustun 24-də Aİ-nin təqdim etdiyi və nüvə danışıqlarında yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsinə Aİ vasitəsilə cavab verdiklərini açıqlayıb.

Teymur ASLANOV
Missiya.Az


  • 9-09-2022, 14:56