AZ   |   RU
Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə bəzi şəxslərə ediləcək - Güzəştlər
Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-2024-cü illərdə həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının təsdiq etdiyi tariflərin ödəyiciləri olan və xidmət haqları dövlət büdcəsindən maliyyələşdirilməyən Azərbaycan vətəndaşları üçün güzəştlər ediləcək. 

Missiya.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Güzəştlər aşağıdakı kimi olacaq: 

1.1. ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 10 manat;

1.2. orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı üzrə 20 manat;

1.3. Azərbaycan dili (dövlət dili kimi) üzrə test imtahanı üzrə 20 manat;

1.4. orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı üzrə 25 manat;

1.5. orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu ilə bağlı test imtahanı, ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (I mərhələ) üzrə 25 manat;

1.6. ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı (II mərhələ) üzrə 10 manat;

1.7. orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsinə qəbul imtahanları çərçivəsində keçirilən əlavə fənn (fənlər) üzrə test imtahanı üzrə 20 manat.

2. Bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə kompensasiya edilsin.

3. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi bu Qərarın 2-ci hissəsi ilə müəyyən edilmiş kompensasiyanın alınması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formada və müddətdə güzəştlərin tətbiqinə dair hesabatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan güzəştlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin 2023-2024-cü illərin dövlət büdcəsində müvafiq qaydada nəzərə alınmasını təmin etsin.
Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

  • 2-08-2022, 19:59