AZ   |   RU
Ceyhun Bayramov ABŞ dövlət katibinin köməkçisi ilə telefonla danışıb
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.

Missiya.Az bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Tərəflər, Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması prosesinin mövcud durumu, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzalandığı üçtərəfli bəyanatların, eləcə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycanla Ermənistan liderləri arasında ikitərəfli görüşlər nəticəsində bəyanatların icrası məsələləri barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədə sülh və tərəqqinin təmin edilməsi, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı, iki dövlətin sərhədinin delimitasiyası, gələcək sülh müqaviləsi üzrə işə başlanılması zəruriliyi ilə bağlı Azərbaycanın məlum mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb.

Nazir tərəflərin öhdəliklərinin tam icrasının vacibliyini qeyd edib.

Bu xüsusda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərə zidd olaraq indiyə qədər erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı və bunun qəbuledilməzliyi vurğulanıb.

Telefon danışığı zamanı, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi üzrə növbəti addımlar, regional gündəlikdə duran məsələlər, həmçinin qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.

  • 1-08-2022, 22:12