AZ   |   RU
Ağstafa Aqrar Sənaye Kompleksində Aqrar İnnovasiya Festivalı keçirilib - FOTOLAR
Ağstafa Aqrar Sənaye Kompleksində  Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilib. 

Missiya.Az
xəbər verir ki, festivalda Ağstafa RİH başçısı Seymur Orucov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov, Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov,  Elmi-Tədqiqat institutlarının mütəxəssisləri, alimlər, fermerlər, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Əvvəlcə festival çərçivəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin təşəbbüsü ilə “İxraca hazırlıq diaqnostikası, brendləşmə və məhsul strategiyasının hazırlanması” təlimi və “Peyk sistemi əsasında nəqliyyatın monitorinqi” mövzularında məlumat sessiyaları keçirilib. Ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin mütəxəssisləri öz uğurlu təcrübələrini, eləcə də təsərrüfatlarında tətbiq etdikləri innovativ texnologiyalar ilə bağlı məlumatları panel müzakirəsində bölüşüblər.

Daha sonra aqrar innovasiyaların təbliği və təşviqi, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli şirkətlər innovativ suvarma texnikaları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar, zərərvericilərə qarşı yeni mübarizə vasitələri, kənd təsərrüfatı üçün alternativ enerji mənbələri, həmçinin innovativ məhsul və texnologiyalarını nümayiş etdiriblər.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Əkbər Abbasov bildirib ki, bu festivalların əsas məqsədi ölkədə kənd təsərrüfatı sahəsində innovasiyaların təşviqini və tətbiqini artırmaqdır. 

Ağstafada keçirilən İnnovasiya festivalı sayca 9-cudur. Bundan əvvəl Quba, Ucar, Füzuli, Lənkəran, Şəki və digər rayonlarda keçirilib.

Ağstafa Aqrar Sənaye Kompleksinin icraçı direktoru Anar Orucov qeyd edib ki festivala Ağstafa ilə yanaşı, yaxın rayonlardan 630 fermer dəvət olunub və tədbirdə iştirak edirlər.



  • 24-06-2022, 21:43