AZ   |   RU
210 saylı məktəbdə "Ata vəsiyyəti - Şuşam" adlı tədbir keçirilib


Nizami rayonu 210 saylı məktəbdə Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ərəfəsində Şuşa ilinə həsr olunmuş  "Ata vəsiyyəti - Şuşam"  adlı tədbir keçirilib. 

Missiya.Az
xəbər verir ki, tədbirdə Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Ədliyyə Nazirliyinin əməkdaşı polkovnik Əfqan Nəbiyev, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhmən Hüseynov, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş üzrə bölməsinin rəisi Natiq Yusifov, Qarabağ qazisi mayor Yusif Hümbətov, şəhid pilot mayor Urfan Vəlizadənin həyat yoldaşı Könül xanım, şəhid Tural Dadaşovun anası Kəmalə xanım, şəhid Rafael İbrahimovun anası Marina xanım, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova, bır sıra məktəb direktorları, xalq artisti Əli Nur, əməkdar artist Ağalar Bayramov, Missiya  Media qrupunun nümayəndəsi Lamiyə Əhmədova iştirak ediblər.

Tədbirdə 210 saylı məktəbin şagirdlərinin ifasında tarixi-ədəbi kompozisiya təqdim olunub, şagirdlərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Qarabağın incisi Şuşaya həsr olunmuş səhnəcikdə Pənahəli xanla, habelə Şuşanın işğalı və azad olunması ilə bağlı tarixi məqamlar canladırılıb. Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin nitqindən sitatlar gətirilib, Vətən Müharibəsinin tarixi qələbəsi olan Şuşa qələbəsinin, Şuşa zəfərinin müəllifi cənab Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini layiqincə yerinə yetirdiyi, şagirdlərin dili ilə  bir daha diqqətə çatdırılıb. Daha sonra söz qonaqlara verilib.

210 nömrəli məktəbin direktoru Həqiqət Gülalıyeva qonaqları salamlayaraq, tədbir iştirakçilarına tədbirin mahiyyəti haqqında ətraflı məlumat verdi.

Daha sonra çıxış üçün söz alan Qarabağ qazisi mayor Yusif Hümbətov, Vətən müharibəsində əldə olunmuş qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyib. Daha sonra söz şəhid Rövşən Nurzadənin atası, xalq artisti Əli Nura verilib. Oğlunun Vətən Müharibəsində keçdiyi döyüş yolundan göz yaşları ilə bəhs edən xalq artisti, Azərbaycanın böyük qələbəsini, zəfərini cənab prezident İlham Əliyev və onun sadiq dostu Mehriban xanım Əliyevaya, vətənimiz uğrunda canını fəda edən qeyrətli oğullarımıza borclu olduğumuzu bildirdi. 
Digər natiq, əməkdar artist Ağalar Bayramov da Ulu Öndərlə bağlı xatirələrini danışaraq, Vətən Müharibəsinin yaddaqalan anlarını bir daha xatırlatdı, vətənpərvərlik  ruhunda şeirlər səsləndirdi. 

Nizami rayon İcra Hakimiyyətinin məsul işçisi Bəhman Hüseynov da çıxış edərək Nizami rayon İcra Hakimiyyətinin başçısının salamlarını tədbir iştirakçılarına çatdırıb, rayon ərazisində bu kimi silsilə tədbirlərin hər il keçirildiyini vurğuladı. Ölkəmizdə vətənpərvərlik siyasətinin, cənab Ali Baş Komandanın qətiyyətinin uğurlu  nəticələrindən danışdı. 

Sonda söz  Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərova verildi. Hüseyn müəllim, Ulu Öndərdən bizə yadigar qalan milli ruh, azərbaycançılıq məfkurəsindən söz açaraq milli mənəvi dəyərlərimizi qorumağın vacibliyini vurğuladı. 

Tədbirin sonunda iştirakçılarla xatirə fotosu çəkildi.



  • 5-05-2022, 19:41