AZ   |   RU
Jurnalistlər MEDİA-nın birillik fəaliyyətini belə dəyərləndirdi – Sorğu

Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasından bir il ötür. MEDİA 2021-ci il yanvarın 12-də Prezident İlham Əliyevin fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılıb. 

Rupor.az xəbər portalı Medianın İnkişafı Agentliyinin 1 illik fəaliyyətinin dəyərləndirilməsi məqsədi ilə jurnalistlər arasında sorğu keçirib. 
Həmin sorğunu təqdim edirik: 



“Agentliyin jurnalistlərə göstərdiyi doğma münasibət...”
 
Elvin Məmmədov – Missiya.az saytının redaktoru:

-Prezident İlham Əliyevin 2021-ci il, 12 yanvar fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi ötən 1 il ərzində Kütləvi İnformasiya Vasitələrinin inkişafında kifayət qədər iş görüb. Agentliyin mediaya, xüsusilə jurnalistlərə qarşı sərgilədiyi doğma münasibət Azərbaycan mətbuatına yeni nəfəs gətirdi.
Bundan başqa, Medianın İnkişafı Agentliyi yarandığı gündən KİV-də yeni dövrün tələblərinə uyğun yanaşma sərgilədi. Bu isə Azərbaycan jurnalistikasında genişmiqyaslı islahatların, yeniliklərin tətbiqinə yaşıl işıq yandırdı.
Fərdi jurnalist müsabiqələrinin daha demokartik və bütün seqmentləri əhatə edən formada keçirilməsi, keçirilməsi, həm çap, həm də elektron mediayaya maliyyə dəstəyinin göstərilməsi Medianın İnkişafı Agentliyinin Azərbaycan mətbuatının inkişafına verdiyi töhfədir. Ümid edirik ki, qarşıdakı mərhələdə Agentliyin dəstəyi ilə Azərbaycan mətbuatının daha sürətli inkişafının şahidi olacağıq.



“İnanmaq istəyirik ki, illər keçəndən sonra Medianın İnkişafı Agentliyinə inandığımız üçün peşimançılıq hissi keçirməyəcəyik”
 
Elşad Paşasoy – Yeni Müsafat qəzetinin əməkdaşı:
 
-Medianın İnkişafı Agentliyinin rəhbərliyini və şəxsi heyətini təbrik edir, uğurlar arzulayıram. Qurum çox çətin mərhələdən keçir, çünki ondan öncə yaradılan təşkilat heç də xoş xatirələrlə yadda qalmadı və keçirilən məhkəmə prosesi də çox məsələləri ortaya çıxartdı. Prezidentin etimadından sui-istifadə sonucda mətbuatımızın imicini zədələdi, jurnalistikamıza zərbə vurdu.
Amma ümid edirik ki, yeni ad, yeni təşkilat və yeni kollektiv fərqli atmosferin yaranmasına təkan verəcək. Ötən il Agentlik "Media haqqında" qanun layihəsinin media ictimaiyyəti, vətəndaş cəmiyyəti, deputatlar və bir sıra digər kateqoriyalı şəxslərlə müzakirəsini təşkil etdi. Çox geniş və əhatəli müzakirələr aparıldı, yekunda qanun layihəsi qəbul edildi. Əlbəttə, narazı qalanlar da oldu, amma zaman-zaman qanuna əlavə və dəyişikliklərin ediləcəyi də istisna deyil. Əsas məram-məqsəddir və inanaq ki, Medianın İnkişafı Agentliyi ümidləri doğruldacaq. Ötən il jurnalistikamızın inkişafı baxımından keçirilən müsabiqələr də yeniliklərlə yaddaqalan oldu.
Artıq media ictimaiyyəti, gerçək jurnalistlər zəhmətlə ərsəyə gətirdikləri materiallara dəyər verildiyini məmnuniyyətlə qeyd edirlər ki, bu da ənənələrin bərpası, mətbuatın inkişafı baxımından çox yaxşı haldır. İnanırıq ki, illər keçəndən sonra Medianın İnkişafı Agentliyinə inandığımız üçün peşimançılıq hissi keçirməyəcəyik və bu qurum peşəkar jurnalistikamızın, həmçinin dövlətin, jurnalistləri özünün köməkçiləri hesab etməklə "dördüncü hakimiyyət"ə dəyər verən Prezidentin etimadını doğruldacaq. Uğur olsun!



“Artıq bunun qığılcımları görünür”
 
Nicat Novruzoğlu – “Ədalət” qəzetinin redaktoru

-MEDİA-nın fəaliyyətini normal qiymətləndirirəm. Müsabiqələrdə iştirak edən şəxslərdən əvvəllər "vöen" tələb edilirdi. Media bunu aradan qaldırdı. Bununla yanaşı, müsabiqəyə yeni forma gətirdilər. 3 ay əvvəl mətbuatda dərc edilmiş yazıları müsabiqəyə cəlb etdilər. Bunu da yüksək qiymətləndirirəm. 1 il az müddətdir. O üzdən çox tələb də etmək düzgün olmaz. Əminəm ki, Mediann İnkişafı Agentliyi KİV-in üzləşdiyi problemlərin həllində çox böyük uğurlara imza atacaq. Artıq bunun qığılcımları görünür.
 



“Azərbaycan mediasında illərdir, yığılıb qalan problemlər “metastaz” verib, bu boşluqları bir il ərzində doldurmaq olduqca çətindir”

Ayyət Əhməd – “Şərq” qəzetinin redaktoru: 
 
-MEDİA-nın bir il ərzində gördüyü işləri, həyata keçirdiyi layihələri yüksək qiymətləndirirəm. 12 ay müddətində müxtəlif seminarlar, təlimlər reallaşdırılıb. Gənc jurnalistlərin media savadlılığının artırılması ilə bağlı davamlı təlimlərin gerçəkləşdirilməsi, bundan başqa əcnəbi mütəxəssislərin moderatorluğu ilə yerli jurnalistlərimizə fors-major vəziyyətlərdə davranışla bağlı sirlərin aşılanması, bir qrup jurnalistin Türkiyə səfəri və orada fövqəladə hallarda adekvat qərarların, addımların atılması ilə bağlı ciddi bilgilərin təlqin olunması olduqca mühüm işlərdir. Nəzərə alaq ki, Azərbaycan mediasında illərdir, yığılıb qalan problemlər “metastaz” verib. Bu boşluqları bir il ərzində doldurmaq olduqca çətindir. Amma həmin nöqsanların aradan qaldırılması üçün ciddi səylər göstərilir.
Ən başlıcası ortada iradə var. Məxsusi olaraq, qeyd edim ki, son bir ildə MEDİA-nın fəaliyyətindəki ən böyük təntənə məhz sözün buxovdan çıxarılması, fikir azadlığı və müxtəlifliyinin təmin olunması istiqamətində atdığı real addımlardır. Yəni media quruluşlarının təbliğat ruporu deyil, KİV kimi fəaliyyətinə şərait və zəmin yaradılır. İnanmaq istərdim ki, zamanla bu məsələyə daha böyük diqqət ayrılacaq ki, bu da jurnalistlərin yaradıcılıq üfüqlərinin genişlənməsinə təkan verəcək. MEDİA-nın təşkil etdiyi jurnalistlərarası yazı müsabiqələrini də qeyd etmək yerinə düşər. Müsabiqə nəticələrinin şəffaflığı, eləcə də obyektivliyi jurnalistlər arasındakı sağlam yaradıcılıq rəqabətini də gücləndirir.
Bir illik fəaliyyəti dönəmində MEDİA Agentliyinin həyata keçirdiyi ən əlamətdar işlərdən biri də “Media haqqında” yeni qanun layihəsinin hazırlanması oldu. Bu, olduqca ciddi əmək tələb edən və məsuliyyətli məsələdir. Müstəqil bir ölkənin müstəqil mediasının formalaşması və ya inkişafı üçün qanun yazmaq tarixi bir missiyadır. İnanmaq istərdim ki, Media haqqında yeni qanun da məhz bu peşənin intişarına, Azərbaycanda beynəlxalq prinsip və standartlara cavab verən mətbuat nümunələrinin formalaşmasına yol açacaq. Peşəkar jurnalist ordusunun yetişməsinə gətirib çıxaracaq. Agentlikdən gözləntilərimə gəlincə, arzulayardım ki, “Şuşa İli”ndə Şuşa və ya ümumən Azərbaycan həqiqətlərinin beynəlxaq arenaya, dünya ictimaiyyətinə nüfuz edə bilıməsi üçün xaricidilli media korpusu yaradılsın.



“Medianın İnkişafı Agentliyi yeni keyfiyyət mərhələsinin ilkin pillələrini keçdi”
 
Günel Cəlilova – “Bakı Xəbər” qəzetinin əməkdaşı

- Medianın İnkişafı Agentliyi yarandığı bir il müddətində, yəni az bir zamanda böyük işlərə imza atmağa nail olub. Artıq biz inamla deyə bilərik ki, Medianın İnkişafı Agentliyi yeni keyfiyyət mərhələsinin ilkin pillələrini keçib. İlk növbədə qeyd edim ki, Milli Məclisdə “Media haqqında” qanun layihəsi artıq üçüncü oxunuşdan keçib.  Bu qanunun qəbulu Azərbaycan mediası üçün vacibdir və burada medianın yeni dövrü tamamilə əhatə olunubş
Agentlik yarandığı gündən etibarən jurnalistlər üçün silsilə təlim və seminarlar keçirir. Təlim iştirakçılarına müasir media mühiti, jurnalist dəyərləri və bu peşənin etik və peşəkar yanaşmaları tədris edilib. Həmçinin, KİV nümayəndələrinə eyni zamanda təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardımla bağlı “Jurnalistlərin münaqişə ərazilərində davranışları: Təhlükəsizlik və mühafizə qaydaları” mövzusunda təlimlər keçirilib. Jurnalistlər üçün yeni qaydalar və yeni yanaşma əsasında elan edilən fərdi yazı müsabiqələri sayəsində yüzlərlə jurnalist həmkarımızın yazısı fərqləndirilib və mükafatlandırılıb. Bu isə yaradıcılığın stimullaşdırılması baxımından çox yaxşı təcrübədir.




"Şəffaflıq və peşəkarlıq ünsürləri xüsusilə nəzər yetirilən faktorlar sırasında oldu

Nicat Dilqəmli - "Yeni Azərbaycan" qəzetinin müxbiri:

Dövlətimiz mediaya hər zaman yüksək diqqət və qayğı göstərir. Bu xüsusda ötən il yanvarın 12-də Prezident İlham Əliyevin fərmanı ilə media sahəsində islahatlar, bu sektorun təkmilləşdirilməsi və peşəkarlaşdırılması məqsədilə yaradılan Medianın İnkişafı Agentliyinin (MEDİA) əhəmiyyətini xüsusilə vurğulamaq lazımdır.  
Bu il fəaliyyətinin bir ili tamam olan Agentlik qısa zaman kəsiyində böyük işlər görməyi bacardı. Ölkəmizdə fəaliyyət göstərən, keçirilən müsabiqələrin şərtlərini ödəyərək qalib gələn KİV-lərin maddi-texniki, eyni zamanda yaradıcılıq imkanlarının daha da təkmilləşdirilməsi məqsədilə onlara maliyyə yardımı ayrılır. Bu seçimlərdə  şəffaflıq və peşəkarlıq ünsürləri xüsusilə nəzər yetirilən faktorlar sırasında oldu. Bundan əlavə, MEDİA mütəmadi olaraq jurnalistlərlə görüşlər təşkil edir, onların problemini dinləyir. Ümid edirəm ki, yaxın gələcəkdə MEDİA agentliyi gözlənilən hədəflərə tam nail olub, jurnalistləri yeni-yeni layihələrilə sevindirəcək.



"İnandım, müraciət etdim və qalib oldum"

Nicat Abdullayev - jurnalist 

- Öncəliklə 1 illik uğurlu fəaliyyətlərinə görə, MEDİA-da çalışan həmkarları və dostları təbrik edirəm. Təbii ki, Agentlik bu sahədə bütün problemləri həll etmək missiyası daşımır. Düşünürəm ki, bütün problemlərin həll olunması mümkün də deyil, zaman-zaman yeni çatışmazlıqların yaranacağı şübhəsizdir. Bununla belə, ötən 1 il ərzində xeyli müsbət addımlar atıldı. Jurnalistlər üçün xarici ekspertlərin də iştirakı ilə təlimlərin təşkili, media mənsubları ilə fərdi, eləcə də birgə görüşlər, aparılan müzakirələr təqdirəlayiqdir. Təbii ki, "Media haqqında"qanun layihəsinin hazırlanması, bu layihə ilə bağlı ictimai müzakirələrin təşkilini də qeyd etmək lazımdır.
Xüsusilə şəffaflığın artırılması istiqamətində atılan addımlara toxunmaq istəyirəm. Yeri gəlmişkən deyim ki, mən heç vaxt jurnalist kimi bu qurumun xələfi tərəfindən keçirilən müsabiqələrdə iştirak etməmişəm. Neqativlərin olduğunu eşitmişdim və müsabiqədə məğlub olub motivasiyamı korlamaq istəmirdim. Ötən il 2 dəfə ard-arda MEDİA-nın Fərdi Jurnalist Müsabiqəsinin "Ən yaxşı köşə yazısı" nominasiyası üzrə qalibi olmuşam. İnandım, müraciət etdim və qalib oldum. Əsaslı işlər görmək üçün 1 il çox az zamandır, lakin hesab edirəm ki, uğurlu fəaliyyət olub.



"Qurum həm onlayn medianın, həm də çap mediasının qarşılıqlı inkişaf tempini artırıb"

Pərviz Sadayoğu - "Yeni Azərbaycan" əməkdaşı

- Qlobal dünyanın yeni inkişaf mərhələsinin yeni çağırışları mövcuddur. Bu baxımdan, yeni texnologi tətbiqlər və keyfiyyət dəyişikliyi mütləq şəkildə medianın fəaliyyətinə təsir göstərməlidir. Ötən il ölkə Prezidentinin müvafiq Fərmanı ilə yaradılan Medianın İnkişafı Agentliyi də media sahəsində islahatların aparılması və yeniliklərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Nəzərə alınmalıdır ki, Azərbaycan mediasının daha yüksək inkişafı üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı. Fikrimcə, MEDİA qısa zaman kəsiyində ölkə mətbuatının yenilənməsi üçün bir sıra tədbirlər həyata keçirdi.
Təbii ki, bütün işləri bir il ərzində görmək mümkün deyil. Bununla belə, peşəkarlığın artırılması istiqamətində əhəmiyyətli addımlar atıldı, jurnalistlər üçün treninqlər təşkil olundu. Nəzərə almalıyıq ki, media bütöv bir sistemdir və bu baxımdan həm klassik çap mediasının, həm də yeni internet mediasının özünəməxsus problemləri mövcuddur. Bu problemlərin aradan qaldırılması üçün Agentlik bir il ərzində müəyyən bir təməl formalaşdırıb. Qurum həm onlayn medianın, həm də çap mediasının qarşılıqlı inkişaf tempini artırıb. İnternet resurslarının fəaliyyətində dinamizm hiss olunur. Fikrimcə, gələcək üçün qarşıya qoyulan hədəflərin müəyyənləşdirilməsində də MEDİA mühüm rol oynaya bilər.

Ləman Ceyhunqızı


  • 12-01-2022, 18:37