AZ   |   RU
Cəlilabad rayon İH-dən şəhid məzarının təmir edilməməsi barədə iddialara reaksiya

Cəlilabad rayon İcra Hakimiyyəti Birinci Qarabağ Müharibəsində şəhid olan əsgər Aslan Əliyevin məzarının təmir olunmaması ilə bağlı səsləndirilən iddialara aydınlıq gətirib. Qeyd edək ki, şəhidin qardaşının iddiasına görə İcra Hakimiyyətindən Aslan Əliyevin məzarının təmiri ilə bağlı müsbət cavab verilməyib.

Cəlilabad rayon İcra Hakimiyyəti şəhid Aslan Əliyevin ailəsinin iddiaları ilə bağlı açıqlama yayıb.

Missiya.Az həmin açıqlamanı təqdim edir:

“Cəlilabad rayon İcra Hakimiyyətinin xərclər smetasında şəhid məzarlarının təmir olunması üçün vəsait nəzərdə tutulmayıb. Lakin Nail Əliyevə imkan daxilində məzarın təmir olunması təklif olunsa da o, bu təklifi geri çevirib və məzarın sökülərək qara mərmər daşından yenidən inşa edilməsini tələb edib. Əlavə olaraq qeyd edək ki, Nail Əliyev və şəhidimizin bütün ailə üzvləri daim diqqət mərkəzində saxlanılır. Bunun nəticəsidir ki, Nail Əliyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tikilən 5 otaqlı mənzildə yaşayır. O, ucqar kəndlərimizdən birində yaşamasına baxmayaraq, Dost İş Mərkəzində sosial işlə təmin edilib. Şəhidimizin digər qardaşı Nurəddin Əliyev isə ata evində yaşayır. Həmin evin təmir olunması üçün rayon icra hakimiyyəti imkan daxilində köməklik edib. Yaxın zamanlarda isə digər qardaş olan Coşqun Əliyevin həyat yoldaşının da müraciəti nəzərə alınaraq Cəlilabad şəhər 9 saylı tam orta məktəbində işlə təmin edilib”, - deyə İcra Hakimiyyətinin açıqlamasında qeyd olunub.

  • 7-01-2022, 17:32