AZ   |   RU
Ordumuza qarşı sosial şəbəkə təxribatları – dezinformasiyaların yaratdığı təhlükə - Bizim ŞƏRH

Ordu bir dövlət və xalq üçün ən əsas təməl daşıdır. Ordu xalqın elə özüdür. Ordu dövləti, xalqı qoruduğu kimi, dövlət və xalq da ordudan məsuldur. Ordusu olan dövlət onu qorumalı, mühafizə etməlidir. Ordu sənin gücün, sənin təhlükəsizliyindir. Vay o gündən ki, gücünü zəiflətməyə çalışıb, təhlükəsizliyini sual altında qoymaq istəyələr. Azərbaycan dövləti ordusunun nə qədər güclü və yenilməz olduğunu sübut etməklə yanaşı, xalq-ordu birliynin də bir o qədər sarsılmaz olduğunu açıq-aydın bütün dünyaya göstərdi. Görünən odur ki, dünyaya göstərdiklərimizi  gözü götürməyənlər daha çoxdur. Yeni dünya düzəninin diqtə etdiyi qaçılmaz reallıqlar fonunda hər bir dövlətin milli təhlükəsizlik siyasəti onun təbii ehtiyatlarından, iqtisadi potensialından, dünya siyasətindəki rolundan asılı olaraq qurulur. Qranit kimi bir ordu qurub, tayı-bərabəri olmayan konsepsiya üzrə hərəkət edirik. Bir sözlə, göz çıxarırıq. Təəssüf yaradan haldır ki, düşmən gözü çıxardığımız anlarda bu intibahın qədrini bilməyənlər var. Azərbaycan Ordusunda baş verənləri, ən xırda kadr dəyişikliyini belə öz mülahizələri ilə analiz edənlər heç bir fakta söykənmədən, rəsmi məlumatlara istinad etmədən sosial şəbəkələrdə hansı təhlükəli tendensiyaya imza atdıqlarından çox vaxt xəbərsiz olurlar. Bunu qəsdən edənləri demək olar ki, bütün Azərbaycan ictimaiyyəti tanıyır. Azərbaycan ictimaiyyəti gözəl bilir ki, özünə siyasi bloger deyən üç-beş boşboğaz, vətən xaini bunu nəyin müqabilində edir. Cənab prezidentin dediyi kimi müharibə bitmişdir, doğrudur. Amma bir müqəddəs dava  var ki, o bu xalqın ən yeni doğulmuşuna qədər bu vətəni sevən hər kəsi Azərbaycan əsgəri edib! Müharibədən yenicə çıxmış, həm də qalib kimi çıxmış bir ölkənin ordusuna hələ çox hücumlar olacaq. Bəs biz necə, bu hücumların qarşısını nə dərəcədə ala bilirik?   Ordumuzu qoruya bilirikmi? Dövlətimiz, bu təhlükəsizliyi təmin edəcək kifayət qədər əsaslı və geniş çərçivədə qanun da qəbul edib axı. 

Məsələn, "Azərbaycan Prezidenti cənab İlham Əliyevin 25 sentyabr 2014-cü il tarixli "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı bu baxımdan müstəsna əhəmiyyətə malikdir. Məhz 2014-cü ildəki vəziyyətə və şəraitə uyğun olaraq belə bir sərəncamın imzalanması o zamankı təmas xəttinə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə təyinatlı obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətinin sayı barədə məlumatların, eləcə də "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. 

Qanunlar ona əməl olunması üçün verilir. Bu qanunu xatırlatmaqda məqsəd milli təhlükəsizliyimizi hər zaman gündəmdə saxlamalı olduğumuzu yada salmaq üçündür. Milli təhlükəsizlik məsələsi dövlətin milli maraqlara hədəflənən müstəqil və qətiyyətli siyasət yürütməsini, habelə insan hüquq və azadlıqlarının qorunması, informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərini özündə ehtiva edir. Bu gün bu baxımdan təəssüfləndirici hallar çoxdur. Hamıya məlumdur ki, dövlət idarəçiliyində şəffaflığın təmin olunması məqsədilə ictimai nəzarət şuraları formalaşdırılıb. Çox vaxt ictimai nəzarət adı ilə orduya aid olan dövlət sirri əhəmiyyəti daşıyan informasiyalara çıxış əldə etməyə cəhd olunur və mətbuata sızdırılır. Hərb işinə, orduya aid olmayan insanlar hərbi ekspert adı ilə mətbuata açıqlamalar verir, mülahizələr yürüdüb, iddialar irəli sürürlər. Azərbaycan Silahlı Qüvvələri, habelə, Müdafiə Nazirliyi  milli təhlükəsizliyin ən çox qorunması tələb olunan institutlarıdır. Bu qurumlara istər real, istərsə də virtual pərakəndə giriş olmaz.

Ordu və Müdafiə Nazirliyi müəyyən çərçivədə açıq ola bilər. Gəlin unutmayaq ki, Ordu Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi deyil. Ordu, müdafiə sahəsi elə bir istiqamətdir ki, bu xüsusda informasiyalara münasibət də əlahiddə olmalıdır. Bu mənada, yeni dövrdə ölkə mediası ilə bərabər, cəmiyyətdə, sosial şəbəkədə olan hər bir kəsin üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, milli maraqların qorunması hər bir vətən təəssübkeşi üçün vacib mənəvi məsələ olmalıdır. Demokratik cəmiyyətdə bütün məsələlərin inzibati yolla tənzimlənməsinin qeyri-mümkünlüyü nəzərə alınmaqla, jurnalistlərin xəbər yayımında ehtiyatlı davranmaları, sosial şəbəkələrdə olan vətəndaşların isə ayıq-sayıq olub, milli təəssübkeşlik mövqeyi nümayiş etdirmələri yeni dövrün diqtə etdiyi obyektiv reallıqdır. Unutmayaq ki, Ordumuz qürurumuz, güvən yerimizdir. Ordumuz olduqca, yurdumuz da olacaqdır! Biz onu qoruyaq ki, o da bizi qoruya bilsin..

Lamiyə Rövşənqızı
Missiya.Az



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanmışdır.  

  • 31-07-2021, 16:35