AZ   |   RU
"Bakı və Moskva Qarabağla bağlı razılığa gəlib" - Erməni mediası Əliyev Putin görüşündən yazır

Prezident İlham Əliyevin Moskva səfəri, səfərdən sonra Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibədəki mühüm açıqlamaları və Əliyev-Putin görüşünün ardından Putinin Paşinyana deyil, Paşinyanın Putinə zəng vurması Ermənistan cəmiyyətinin gündəmini zəbt edib. Sözün həqiqi mənasında Ermənistan cəmiyyətinin gündəmini Azərbaycan Prezidenti İlham Əliyev müəyyən edir.

Ermənistanın “hayeli.am” saytında dərc olunan yazıda qeyd edilib ki, Bakı və Moskva Qarabağla bağlı razılığa gəliblər, Azərbaycan və Rusiya Qarabağ münaqişəsini bitmiş hesab edir.

Müəllif Prezidentin bir neçə sitatından qısa başlıqlar verib.

Prezidentdən sitat: “...Müharibədən sonra yaranmış vəziyyəti, o cümlədən Zəngəzur dəhlizini və postmünaqişə dövrünü müzakirə etdik. Bizim yanaşmamızda fikir ayrılığı yoxdur. Biz - Rusiya və Azərbaycan hesab edirik ki, müharibə başa çatıb, münaqişə başa çatıb. Ermənistanda heç bir revanşist meyillərə yol verilməməlidir və bundan sonra bölgədə sülh olmalıdır”.

... Zəngəzur dəhlizinə gəldikdə, mən cənab Putinə bildirdim ki, bizdə olan məlumata görə, Ermənistan bu məsələ ilə bağlı yenə də özünü səmimi aparmır. Fikir vermisinizsə, mən cənab Şarl Mişellə mətbuat konfransında dedim ki, bütün yollar paralel şəkildə açılmalıdır və selektiv yanaşma olmamalıdır, yəni ayrı-seçkilik olmamalıdır. Amma biz görürük ki, Ermənistan burada da növbəti dəfə hansısa oyun oynamaq istəyir.


 ...”Zəngəzur dəhlizi” 10 noyabr razılaşmasında nəzərdə tutulduğu kimi açılmalıdır. 

...Üçtərəfli işçi qrupuna Ermənistan elə bil ki, müvəqqəti olaraq son qoydu. İyunun əvvəlindən bu işçi qrup yığışmır”, - sitatın sonu.


Yazıda qeyd edilib ki, rəsmi Moskva İlham Əliyevin “Zəngəzur dəhlizi”, müharibə və münaqişənin bitməsi ilə bağlı səsləndirdiyi fikirləri inkar etməyib, ümumiyyətlə susqun münasibət göstərir. 

Sitat: “Nə Kreml, nə də Rusiya XİN Azərbaycan Prezidentinin fikirlərini inkar etmədi. Bu İlham Əliyevin fikirləri ilə razılaşdıqlarının əlamətidir. Bakı və Moskvanın Qarabağ məsələsindəki mövqeləri üst-üstə düşür. Azərbaycan və Rusiya münaqişəni bitmiş hesab edir. Növbəti ən vacib məsələ Bakı və Moskvanın “Zəngəzur dəhlizi” ilə bağlı fikir ayrılığının olmamasıdır”, - sitatın sonu.

Digər bir məqalədə Putinin İlham Əliyevlə görüşündən sonra Rusiya və Ermənistan rəhbərlərinin telefon danışığına diqqət ayrılıb. Bildirilir ki, telefon danışığında ən qəribə məqam Əliyev-Putin görüşündən sonra Putinin Paşinyana deyil, Paşinyanın Putinə zəng vurmasıdır.

Sitat: “Paşinyan İlham Əliyevlə Vladimir Putin arasındakı görüşdən iki gün sonra Rusiya prezidentinə zəng edərək, onların nədən danışdıqlarını anlamağa çalışıb. Başqa sözlə, Paşinyan zəng etməsəydi, bəlkə də Puitin İlham Əliyevlə danışıqların təfərrüatı barədə Paşinyana məlumat verməyi lazımlı hesab etməzdi. Yəqin ki, Paşinyan Putinə zəng vurub və deyib ki, "Vladimir, Vladimiroviç, İlham Əliyev nə dedi?", - sitatın sonu.

Elvin
Missiya.Az


  • 26-07-2021, 14:45