AZ   |   RU
İlham Əliyev Vladimir Putin görüşündə diqqətçəkən 3 məqam: Rusiya Prezidenti hansı güzəştləri istəyir?

Prezident İlham Əliyevlə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında ötən gün baş tutmuş görüş medianın əsas gündəm mövzusuna çevrilib. Əsas müzakirələr Vladimir Putinin İlham Əliyevi səmimi qarşılaması və Prezidentlərin regionda sülhə töhfə verəcək fikirlər səsləndirməsi ətrafında aparılır. 
 
Siyasi analitik Asif Nərimanlı Missiya.Az-a açıqlamasında Moskvada Əliyev-Putin görüşünün ictimaiyyətə açıq hissəsində diqqətçəkən üç məqam barədə danışıb. 
 
Sitat: “Birincisi, Əliyev iki dəfə “münaqişədən sonrakı” ifadəsini işlətdi və qeyd etdi ki, “münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik, düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”:bu, “Moskvaya gələcəyi müzakirə etməyə gəlmişəm” deməkdir;
 
İkincisi, Putin Əliyevə “kompromisli qərarların tapıldığı” üçün təşəkkür etdi və qeyd etdi ki, “nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik”: bu, Rusiyanın Bakıdan güzəşt istədiyi deməkdir, lakin bu güzəştlər münaqişə ilə bağlı deyil; münaqişənin bitdiyinə dair mövqeni Moskva da Bakı ilə paylaşır; Moskva üçün vacib olan Ermənistanın yox, Rusiyanın bölgədə qalmasını təmin etməkdir və görüşdən öncə qeyd etdiyimiz kimi, “ruslar Qarabağda öz gələcəklərini və kommunikasiyanın bərpasında cari prioritetlərini - ehtimal ki, Ermənistana quru əlaqəsinin daha tez əldə etmək istəyirlər – həll etmək niyyətindədir”;
Üçüncüsü, liderlər sərhəddə baş verən toqquşmalara toxunmadı: mümkündür ki, Moskvada da Ermənistanın sərhəddə hücumlarının məqsədini anlayırlar və qapalı görüşün əsas müzakirə mövzularından biri də sərhədlərin delimitasiyasıdır;
 
Asif Nərimanlı bildirib ki, görüşdən sonra proseslərin cari dövr üçün iki istiqamətdə inkişafını təxmin etmək olar.
 
Sitat: “Putin Əliyevlə görüşdən sonra Paşinyanla təmasa keçəcək: Bakının mövqeyini çatdıracaq; sərhəddəki gərginliyi aradan qaldırmağa çalışacaq. Hər iki görüşün – Putin-Paşinyan, Putin-Əliyev – cari nəticəsi olaraq, erməni diversantlarla mina xəritələrinin növbəti dəfə “barter” edilməsi gözləniləndir”. 

Missiya.Az


  • 21-07-2021, 13:39