AZ   |   RU
İrəvan sülh müqaviləsindən imtina edərsə… - Növbəti tarixi səhv Ermənistana daha ağır zərbə vuracaq – ŞƏRH

Prezident İlham Əliyev 44 günlük Vətən Müharibəsini sonlandıran 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edildiyini, bəyanata əsasən Ermənistanın baş naziri Nikol Paşinyanın kapitulyasiya aktı imzaladığını elan etmişdi. Prezident müharibə başa çatdıqdan sonra dəfələrlə qeyd edib edib ki, münaqişə həll olunub, Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyümüz təmin olunub.

Prezidentin şəhid ailələri və müharibə əlliləri ilə görüşündən sitat: “...Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb, çox yanlış və təhlükəli yoldadırlar...”

Dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdığı halda Cənubi Qafqazda maraqları olan bəzi qüvvələr “münaqişənin” bitmədiyini bəyan edərək, Qarabağın “statusu” məsələsini gündəmdə saxlamağa çalışırlar. Konkret olaraq, ABŞ dövlət departamenti və Fransanın Azərbaycandakı səfiri Zakari Qross münaqişənin həll olunmadığını deyirlər və “Dağlıq  Qarabağ münaqişəsi” ifadəsini işlədirlər.

Hər kəsə məlumdur ki, Fransa və ABŞ  30 ilə yaxın dövrdə ATƏT MQ-nun həmsədrləri olublar və ötən dövr ərzində münaqişənin həllinə nəzərəçarpan töhfə verə bilməyiblər. 30 il ərzində münaqişəni həll edə bilməyən həmsədrlərin, işğala son qoyulduqdan sonra  “Dağlıq Qarabağın statusu” məsələsini gündəmə gətirməsi, siyasi etikaya da yaraşmır. Əgər həmsədrlər işləmək istəyirdilərsə, münaqişənin həllinə töhfə vermək, iki xalqı barışdırmaq fikirində idilərsə, o zaman bu niyyətlərini 44 günlük müharibədən əvvəl həyata keçirməli idilər.

Azərbaycan müstəqil dövlətdir və Birləşmiş Millətlər Təşkilatının verdiyi hüquqlardan istifadə edərək güc yolu ilə torlaqlarını işğaldan azad edib. Müharibədən sonrakı dövrdə də bütün münasibətlər Azərbaycan Konstitusiyası və qanunları əsasında həll edilməlidir. Hər hansı üçüncü tərəfə Azərbaycanın suveren əraziləri barədə hökmlə danışmağa hüquq verilməyib. ATƏT MQ-nin də belə bir mandatı yoxdur.

Prezident son çıxışı zamanı regiondakı maraqlarını təmin etmək üçün həl olunmuş Qarabağ münaqişəsi ətrafında  spekulyasiyalar həyata keçirməyə çalışan qüvvələrə açıq və sərt mesaj da verib.

Ölkə başçısından sitat: “...Biz Qələbə qazanmışıq. Bizim bu gün gündəlikdə duran hər hansı başqa bir məsələmiz yoxdur. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Əgər kimsə deyirsə ki, münaqişə həll olunmayıb, gəlsin desin, bunun həllini necə görür, nə həll olunmayıb? Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı, vəssalam. Bütün Qarabağa aid olan rayonlar orada birləşib...”.

Görünən odur ki, münaqişənin həll olunmadığını bəyan edən qüvvələr yenə də Ermənistandan alət kimi istifadə etmək, İrəvandakı revanşizmə dəstək vermək və Qarabağda olan erməniləri aqressiv separatizmə yönəltməyə cəhd göstərirlər.Təbii ki, bu, təhlükəli oyundur və regionda maraqları olan dövlətlərin İrəvanın əli ilə qurmaq istədikləri oyun Ermənistan adlı ölkənin məhvi ilə nəticələnə bilər. Çünki İkinci Qarabağ Müharibəsi nəticəsində Ermənistanın bütün hərbi və iqtisadi resursları tükənib. İndi İrəvanın yeni müharibə üçün heç bir resursu yoxdur. Bunu vəziyyəti gərginləşdirməyə çalışan xarici siyasi güclər də yaxşı bilir. Amma regiona nüfuz etmək üçün gücü tükənmiş Ermənistanı maşa kimi ortaya atmalarından başqa yolları yoxdur. Əgər İrəvan dəmir yumruğun yenidən zərbə endirməsini istəmirsə, regionu qarışdırmaq istəyən qüvvələrin deyil, Azərəbaycanın təklif etdiyi sülh sazişinin icrası barədə düşünməlidir. Azərbaycan Prezidenti son çıxışında Ermənistanla sülh müqaviləsinin vacibliyini vurğulayıb.


Sitat: “…Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu, çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Bu, növbəti böyük səhv ola bilər. Çünki bizim bu təklifimiz yeni real vəziyyətə əsaslanır. Biz hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır...”.

Prezident həm də bəyan edib ki, Azərbaycan və Ermənistan bir birinin ərazi bütövlüyünü tanımalıdır.

Sitat: “...Sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Onu da bildirməliyəm ki, delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər...”. 

Ermənistan sülh sazişindən imtina edirsə, deməli sülhdən və Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan imtina edir. Belə olacağı təqdirdə Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımır və nəyə görə də tanımalıdır?

Bugünki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Zəngəzur, Göyçə mahalı, İrəvan tarixi Azərbaycan torpaqlarıdır. Azərbaycanın tarixi, hüquqi və siyasi baxımdan ədaləti bərpa etməyə tam haqqı çatır.

Təbii ki, İrəvan sərhədlərindən çox uzaqlarda yerləşən və 44 günlük müharibə zamanı onlara yalnız boş siyasi bəyanatlarla dəstək olmağa çalışan siyasi güclərin deyil, ona sülh, əməkdaşlıq və mehriban qonşuluq təklif edən Azərbaycanın maraqlarına uyğun davranmalı, sülh müqaviləsi imzalamaqdan, ərazi bütövlüyünə hörmətdən boyun qaçırmamalıdır. Əks təqdirdə, sülh sazişi imzalamaqdan imtina, bu ölkənin II Qarabağ müharibəsindən daha ağır zərbə alması ilə nəticələnə bilər.

Missiya.Az


  • 15-07-2021, 16:49