AZ   |   RU
YAP Nizami RT-nin “Sərdaroğulları” Ərazi Təşkilatının iclası keçirilib – Yeni sədr və müavin seçilib

Bu gün Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Q.Qarayev 37b ünvanı üzrə “Sərdaroğulları” ərazi təşkilatının iclası keçirilib.

İclas Ulu Öndər Heydər Əliyev və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb. Daha sonra “Sərdaroğulları” ərazi partiya təşkilatının ötən müddəti əhatə edən hesabatı təqdim olunub. Hesabatı təqdim edən təşkilatın təmsilçisi Lamiyə Əhmədova (Rövşənqızı) ötən dövrdə partiyanın qurucusu, ulu öndər Heydər Əliyev ideyalarının yaşadılması, həmçinin Prezident, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sferalarında əldə olunan nailiyyətlərin geniş təbliğ edilməsi yönündə keçirilən mühüm tədbirlərdən danışıb.



O bildirib ki,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, torpaqlarımızın işğaldan azad edilməsi misli-bərabəri olmayan tarixi nailiyyətdir. Partiyanın qarşıya qoyduğu vəzifələri layiqincə yerinə yetirən ərazi partiya təşkilatının fəaliyyəti dövründə gördüyü işlərdən söz açan çıxışçı,  “RX Sərdaroğulları” MMC-nin maliyyə dəstəyi ilə reallaşan və YAP Nizami rayon təşkilatı ilə birgə həyata keçirilən çoxsaylı sosial layihələrdən, şəhid ailələri və qazilərlə bağlı gerçəkləşdirilmiş genişmiqyaslı kampaniyalardan da ətraflı şəkildə bəhs edib. Ərazi partiya təşkilatının rəhbərliyinin partiya işində fəallığından danışan Lamiyə Əhmədova, ərazi təşkilatının sədri Ramin Əhmədov və sədrin müavini Xəyal Əhmədovun ötən illərdə rayon təşkilatında rəhbər vəzifələrdə təmsil olunmasını üzvlərin qürurla qarşıladıqlarını vurğulayaraq, “Sərdaroğulları” ərazi təşkilatının bundan sonra da partiyanın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində nümunəvi fəaliyyət göstərəcəyini, təbliğat işlərində ardıcıllığın qorunacağını və yeni üzvlərin, xüsusilə gənclərin partiyaya  cəlb olunması üçün geniş işlər aparılacağını bildirib.


L.Əhmədova çıxışında YAP “Sərdaroğulları” ərazi təşkilatının sədri Ramin Əhmədovun dövlət maraqlarının müdafiəsi, Prezidentin həyata keçirdiyi çoxşaxəli siyasətin təbliğ olunması xüsusunda yaratdığı örnəklərə toxunaraq, onun bilavasitə rəhbərlik etdiyi sosial layihələrin bu gün də davam etdiyini qeyd edib.  Hesabatdan sonra  çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov “Sərdaroğulları” ərazi təşkilatının fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib və təşkilatın gələcək fəaliyyətində uğurlar arzulayıb.  

Daha sonra iclasın gündəliyindəki təşkilati məsələlərə baxılıb. Təşkilatın yeni sədri və sədr müavini vəzifələrinə namizədlər müzakirəyə çıxarılıb. Bildirilib ki, Ramin Əhmədov  YAP “Sərdaroğulları” ərazi təşkilatının idarəçiliyində operativlik və dinamikliyin artırılması, rayon təşkilatı ilə sistemli korrdinasiya işinin qurulmasında maraqlı olduğundan sədr vəzifəsində dəyişiklik edilməsi təklifi ilə çıxış edib. Bunu nəzərə alan təşkilat üzvləri sədr vəzifəsinə Lamiyə Əhmədovanın namizədliyini irəli sürüblər.



Səsvermə nəticəsində L.Əhmədova yekdilliklə YAP “Sərdaroğulları” ərazi təşkilatının sədri vəzifəsinə seçilib. Təşkilat sədrinin müavini vəzifəsinə isə Xəyal Əhmədovun namizədliyi irəli sürülüb.  İclas iştirakçıları X.Əhmədova da yekdilliklə etimad göstəriblər.  

Səsvermədən sonra çıxışlar dinlənilib. Təşkilat üzvləri – İlqar Ələkbərov, Babək Hüseynov, yeni üzvlərdən Leyla Əliyeva, Zərintac Məmmədzadə çıxışlarında qeyd ediblər ki,  bundan sonra da Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalacaq, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin siyasətinin təbliğ olunması və YAP rəhbərliyinin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi istiqamətində fəallıq nümayiş etdirəcəklər. Daha sonra partiyaya qəbul üçün ərizə vermiş yeni üzvlər iclas iştirakçılarına təqdim olunub. Gənclər ölkə başçısının sədri olduğu partiyaya üzv olacaqları üçün qürur duyduqlarını bildiriblər. Sonda yığıncaq iştirakçıları ilə xatirə fotoları çəkilib.
















Zərintac MAYİSQIZI
Missiya.Az


  • 6-09-2022, 19:04