AZ   |   RU
CASCFEN yeni dönəmə yeni strategiya ilə daxil olur

20 mart tarixi “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin üzvləri üçün ikiqat bayramdır. Çünki bu gün CASCFEN-nin 20 yaşı tamam olur.

Missiya. Az xəbər verir ki, CASCFEN-nin sədri, Əməkdar jurnalist Nadir Azəri təbrik müraciətində deyib ki, rəhbəri olduğu ictimai birlik fəaliyyət göstərdiyi 20 il ərzində Azərbaycanda, ümumilikdə isə Orta Asiya və Güney Qafqaz ölkələrində söz azadlığı mədəniyyətinin inkişafına yardım istiqamətində həyata keçirilən işlərdə ön sıralarda olub.

N. Azəri əlavə edib ki, hər zaman Azərbaycan dövlətinin və xalqının maraqlarını öndə tutan CASCFEN 2003-cü ilin 18-20 mart günlərində Bakı şəhərində keçirilən regional konfransın sonunda təsis edilib: “Təşkilatın təşəbbüsçüsü və qurucusu həmin dövrdə Azərbaycan Jurnalistlər Konfederasiyasının baş katibi və Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Azər Həsrət olub. Təsis konfransında Azərbaycandan bu iki təşkilatla yanaşı Gürcüstan Jurnalistlərinin Müstəqil Assosiasiyası, Qırğızıstandan “Jurnalistlər” İctimai Birliyi, Özbəkistandan “Ozod Ovoz” Təşkilatı, həmçinin Söz və İfadə Azadlığı Komitəsi, Tacikistandan Tacikistan Müstəqil KİV-lərinin Milli Assosiasiyası iştirak edib. Sonuncu təşkilatın təmsilçisi üzrlü səbəbdən toplantıya qatıla bilməsə də CASCFEN-nin qurucusu kimi öz razılığını bildirib. CASCFEN sonrakı bir il ərzində adı çəkilən coğrafiyanın ən fəal təşkilatlarından birinə çevrilməklə beynəlxalq qurumların diqqətini də cəlb edə bilib. Bunun nəticəsi olaraq 2004-cü ilin may ayında Beynəlxalq Mətbuat İnstitutu təşkilatımızı həmin ilin “Azad Media Öncülü” mükafatına layiq görüb. Həmin mükafat BMİ-nin Varşavada (Polşa) keçirilən illik toplantısında qurumun rəhbəri A. Həsrətə təqdim edilib”.

N. Azərinin sözlərinə görə CASCFEN, öz fəaliyyəti dövründə geniş beynəlxalq əlaqələrini də təşkil edib: “Həmin müddət ərzində təşkilat UNESCO, ATƏT, Beynəlxalq Jurnalistlər Federasiyası, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalistləri Müdafiə Komitəsi və s. kimi beynəlxalq qurumlarla da əməkdaşlıq edib. Onu da deyim ki, CASCFEN-nin işinin daha səmərəli qurulması üçün onun yenidən təsis edilməsi qərara alınıb və o, Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində rəsmən təsis edilib. Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyi tərəfindən qeydə alınıb”.

Xatırladaq ki, CASCFEN Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli QHT Forumunun üzvüdür. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yaxından əməkdaşlıq edir. Eyni zamanda o, iki beynəlxalq qurumun - Etik Jurnalistika Şəbəkəsi və Medianın İnkişafı Qlobal Forumunun da üzvüdür.

N. Azəri bildirib ki, CASCFEN yenidən təsis ediləndən sonra müxtəlif istiqamətləri əhatə edən layihələr reallaşdırıb: “Yeni dönəmə isə yeni strategiya və fəaliyyət planı ilə daxil oluruq. Xüsusilə də gənc könüllülərin təşkilatın sıralarına cəlb edilməsi, onların müxtəlif beynəlxalq tədbirlərdə iştirak üçün hazırlanması, o cümlədən müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq haqqında sənədlərin imzalanması istiqamətində atacağımız addımlar var”.

Təşkilatın 20 illik yubileyinin nə zaman qeyd olunacağına gəlincə, N. Azəri, “əslində, biz CASCFEN-ə layiq bir yubiley tədbiri keçirməyi düşünürdük. Hətta 20 illik yubileyimizin Novruz bayramının ilk gününə təsadüf etdiyini nəzərə alaraq uzaq-yaxın dostlarımızı da yubiley tədbirimizə dəvət etməyi planlaşdırırdıq. Lakin qardaş ölkədə fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra təmtəraqlı yubiley məclisi keçirməkdən vaz keçdik. Bununla belə inşallah, Novruzdan sonra ya Mətbuat Şurasında, ya da QHT-lərə Dövlət Dəstəyi Agentliyində kiçik bir formatda da olsa 20 yaşımız qeyd etməyi düşünürük”,-deyib.

Onu qeyd edək ki, 2003-cü ildən 2017-ci ilə kimi CASCFEN-ə Azər Həsrət sədrlik edib. Lakin o, 2017-ci ildə sədrlikdən könüllü olaraq istefa verib.



  • 20-03-2023, 13:01