AZ   |   RU
“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır

Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır.

Missiya.Az
xəbər verir ki, bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşündə mediasiya proseduru barədə ətraflı məlumat verilib, əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub.

Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar müvafiq istiqamət üzrə sosial agentlər üçün Mediasiya Şurası ilə birlikdə funksional təlimlər keçirilib. Vətəndaşlar bütün DOST mərkəzlərində həmin xidmətə müraciət edə biləcək.

Mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur və mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir. Vətəndaşlar əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl DOST mərkəzlərində mediasiya sessiyasında iştirak edirlər.

Qeyd edək ki, 2020-ci ilin fevralından fəaliyyət göstərən Mediasiya Şurası bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. “Mediasiya haqqında” qanun 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib.

  • 26-01-2023, 12:29