AZ   |   RU
Azərbaycanda ƏDV-nin malların gömrük rəsmiləşdirilməsindən sonra ödənilməsi təklif edilir

Azərbaycanda əlavə dəyər vergisinin (ƏDV) malların gömrük rəsmiləşdirilməsi zamanı deyil, satış sonrası ödənilməsi sahibkara dəstək ola bilər.

Missiya.Az
xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) vitse-prezidenti, Naxçıvan MR Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bu gün keçirilən "Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirələrdə bildirib.

O qeyd edib ki, bu gün həm gömrük rüsumlarının, həm ƏDV-nin əvvəlcədən ödənilməsi sahibkarın dövriyyə vəsaitinin azalmasına səbəb olur.

V.Abbasov həmçinin daxili emal prosesinin dəstəklənməsinə də diqqət çəkib: “Daxili emal prosesində ölkəmizdə kifayət qədər güclü istehsalçılar var. Həmin şirkətlər, həmçinin ixracla məşğul olurlar. Ancaq daxili emal prosesinin müəyyən səbəblərdən ləngiməsi və aktiv olmaması ixraca təsir göstərir.

Bakıda sahibkarlar böyük müəssisələr açıblar, lakin bu şirkətlərin bəzən ixrac imkanları məhdud olur, çünki qonşu ölkələrin şirkətləri ilə mübarizə apara bilmirlər".

O bildirib ki, hazırda Ələt Azad İqtisadi Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir: "İqtisadi zona 15-20 il əvvəl yaransaydı şirkətlər öz məhsullarını orda istehsal edərdilər. Ancaq sahibkarlar böyük investisiya qoyublar, artıq fabriklərini tikiblər. Ona görə də daxili emal prosesinin dəstəklənmsəi çox vacib məsələdir”.

  • 20-12-2022, 14:54