AZ   |   RU
"Ukraynadakı müharibədə istədiyinə nail ola bilməyən Kreml Azərbaycanı qarşısında deyil, müttəfiq olaraq görmək istəyir" - Şahin Qocayev

Rusiya müharibədən sonra Rüstəm Muradovun timsalında qondarma qurumun "gerbi" fonunda Arayiklə görüşürdü. Bu gün isə qondarma qurumun "nümayəndələri" ilə görüşdə masaya Azərbaycan, Rusiya və Ermənistan bayraqları qoyulub. Moskva Muradovun timsalında qondarma qurumu himayə etdiyini ifadə edirdisə, bu gün Azərbaycanın timsalında xüsusilə bölgədə qondarma qurumun iştirakı olmadan məsələlərin həll edildiyinə eyham vurur.

Lakin bütün bunlar Rusiyanın Azərbaycana xoşniyyətli münasibətindən irəli gəlmir. Ukraynada baş verən müharibədə istədiyinə nail ola bilməyən Kreml Azərbaycanı qarşısında deyil, müttəfiq olaraq görmək istəyir. Ukraynaya humanitar yardımdan sonra Azərbaycan istehsalı minaatanların görüntülərinin yayılması, rəsmi Bakının hansı mövqedə olduğunu açıq şəkildə ifadə etdi.

Azərbaycan Fərruxda baş verən irəliləyişlə Rusiyanın nəbzini yoxlayırdı, "Qisas" əməliyyatı isə onların müdaxiləsinə ehtiyac olmadan (Fərruxda texnikalarını əraziyə gətirmişdilər) ərazilərimizi təmizləmək iqtidarında olduğumuzu göstərdi. Habelə bu zaman da Rusiyanın nəbzi yoxlanılırdı. Fərruxda danışıqlar qarşılıqlı söz oyununa çevrilmişdisə, prinsipiallıq göstərilirdisə, bu dəfə Rusiya diplomatik xidmət orqanları sakit qaldı. Xüsusilə tələb irəli sürən qismində Azərbaycan çıxış etdi, vaxt qoydu və əməliyyatın davam etdiriləcəyinə açıq eyham vuruldu. Nəticədə Azərbaycan bayrağı Xankəndidə ruslara məxsus masada yerləşdirildi.

Bu, Azərbaycan hərbi-siyasi rəhbərliyinin böyük uğurdur! Rusiya sülhməramlı doktrinasına de-fakto dəyişikliyin edilməsidir! Deməli, rəqiblərimiz realpolitik nümayiş etdirməyimizi daha çox sevir!

"Strategy Vision" Araşdırma Mərkəzinin sədri Şahin Qocayev

  • 4-08-2022, 23:45