AZ   |   RU
TAİB sədri AZƏRTACA müsahibə verib: "Naxçıvan böyük inkişaf yolu keçib"
Türk Ağsaqqalları Birliyinin Naxçıvan Dövlət Universiteti ilə birgə keçirdiyi konfrans ulu öndər Heydər Əliyevin Türk dünyası üçün misilsiz siyasi xidmətlərinə həsr olunmuşdu. Konfrans uğurla başa çatdı. Biz həmin tədbirdə iştirak etmək üçün Naxçıvanda olduq və bir daha şahidi olduq ki, muxtar respublika böyük inkişaf yolu keçib. Naxçıvan ürəkaçan bir şəhər kimi bizə çox müsbət təsir etdi. Burada hər tərəf tərtəmiz, çox gözəl idi və hər cəhətdən düşünülmüş həyat şəraiti qurulub. 

Missiya.Az xəbər verir ki, AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri Türk Ağsaqqalları Birliyinin sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeif İmamverdiyev deyib. 
Akademik bildirib ki, biz Naxçıvan Dövlət Universiteti ilə tanış olduq. Onun tədris korpuslarını, tələbə evini, gözəl arxitekturasını, təmizliyini gördük. Burada təşkil edilən konfrans da yüksək səviyyədə idi. Məruzələrdə Ulu Öndərin fəaliyyəti, Naxçıvanda aparılmış quruculuq, inkişaf mərhələləri, universitetin formalaşması ilə bağlı, Azərbaycanın çətin dövrlərində muxtar respublika sakinlərinin Ulu Öndərə dəstəyi və digər mövzularda dəyərli çıxışlar dinlədik. Ümummilli Liderin türk dünyasına verdiyi töhfəni çox əhatəli şəkildə auditoriyaya çatdıra bildik.

“Mənim çıxışım, xüsusən Azərbaycanın ən çətin bir dövründə Ulu Öndərimizin fəaliyyəti, Azərbaycan xalqının liderinə olan etibarını əhatə etdi. Ümumiyyətlə, buradakı görüşlər, gördüklərimiz heç vaxt yadımızdan çıxmayacaq.
Bildirim ki, Naxçıvan şəhəri başdan-başa abadlaşıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun həyata keçirdiyi genişmiqyaslı işlər sayəsində mümkün olub. Ali Məclis Sədrinin rəhbərliyi ilə bu gün Naxçıvanda baş verən inkişaf prosesləri, dəyişikliklər son dərəcə ürəkaçandır”, - deyən akademik qeyd edib ki, bütün Azərbaycan regionları burada idarəçilik sisteminin yüksək səviyyəsindən nümunə götürə bilər. Bu gün Azərbaycanın hər yerində geniş quruculuq işləri gedir. Bu, ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarının yerlərdə ləyaqətlə yerinə yetirilməsinin nəticəsidir. Muxtar respublikada Ümummilli Liderin ideyaları, Prezidentimizin tapşırıqları yüksək səviyyədə həyata keçirilir. Bu, ürəkaçandır. Biz burada özümüzü çox xoşbəxt saydıq.

  • 7-05-2022, 16:10