AZ   |   RU
Dəridə qaşınma nədən xəbər verir? - AÇIQLAMA


Son günlər əksər insanlar dəri qaşınmalarından şikayətlənir. Bu olduqca narahatlıq yaradan bir simptomdur. Yaz aylarını yaşadığımız üçün mövsümi dəyişikliklər, allergik reaksiyalar səbəblər arasında olsa da, bir çox xəstəliklərdən də qaynaqlana bilir.

Həkim-terapevt Günay Musayeva Missiya.Az-a açıqlamasında deyib ki, qaşınmalar müxtəlif dermatoloji amillərdən də olur:

“Ən geniş yayılmış atopik dermatit, kontakt dermatit, psoriaz, göbələk infeksiyaları, quru dəri, habelə ürtikerdir. Sözügedən hallarda qaşınma tez-tez dəri səthində görünən qızartı, qabıqlanma, səpkilərlərlə müşahidə edilir. O cümlədən fəsil dəyişikliyi və ətraf mühit faktorları çox təsir edir. Soyuq və quru havalarda, xüsusilə payız və qış aylarında dəridə nəm itkisindən qaşınma əmələ gəlir. Həmçinin, pollenlərə, toz gənələrinə, kif göbələklərinə qarşı həssas şəxslərdə yazda allergik qaşınmalar ortaya çıxır. Sistemik xəstəliklər də bədən qaşınmaların səbəblərindəndir. Eləcə də orqanların pozğunluqları ilə - qaraciyər xəstəlikləri, xolestaz, hepatit siroz xüsusilə gecələr artan yayılmış qaşınmalarla özünü büruzə verir. Böyrək çatışmazlığı, eyni zamanda müxtəlif endokrin, hemotoloji xəstəlikləri də misal göstərmək mümkündür”.




Həkimin sözlərinə görə qaşıntı xəstəlik olmadan da görülə bilən vəziyyətdir:


“Psixogen və neyrogen amillərdən də qaynaqlanır ki, bəzən heç bir dəri xəstəliyi tapılmayan hallarda, psixoloji gərginlik, depressiya, narahatlıq pozuntuları fonunda da qaşınma baş verir. Dərmanlar, antibiotiklər və preparatlar da qaşınmalar əmələ gətirir. Bəzi kosmetik məhsullarda olan maddələr də dəriyə zərər vurur. Ümumiyyətlə, qaşınma geniş diaqnostik spektrə sahib simptomdur. Bəzən əhəmiyyətsiz görünsə də arxa planda ciddi patoloji proseslər dayana bilir”.




Zərintac Mayisqızı
Missiya.Az





  • Bu gün, 12:18