Azərbaycanda 65 yaş həddinə çatan tibb işçilərinin əmək müqaviləsinin bir ilədək uzadılması təklif olunur.
Missiya.Az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Jalə Əliyeva qurumun bugünkü iclasında deyib.
Onun sözlərinə görə, tibb işçiləri pensiya yaşına çatdıqda əmək müqaviləsinə xitam verilir:
"Onların içərisində peşəkar və təcrübəsinə ehtiyac olan şəxslər də var. Əslində ehtiyac olduğu təqdirdə üç ay müqavilə uzadıla bilir. Amma bu müddət çox qısadır. Mən həmin müddətin altı ay və ya bir ilə qədər uzadılmasını təklif edirəm. Bu tibb işçilərinin öz peşəsinə daha da bağlanmasına kömək edə bilər”.
Komitə sədri Musa Quliyev isə deputatın təklifinə cavab olaraq bildirib:
“Daha çox iş yerləri yaratmaq barədə düşünməliyik, nəinki yaşlı insanları məcburi istefaya göndərməklə gənclərə yer açmaq. Hər il əmək bazarına 100-120 min gənc gəlir. Onları daha yaxşı və yüksək maaşlı yerlərə yerləşdirməliyik. Onları işlə təmin etmək sertifikasiyadan kəsilmələrindən daha önəmlidir. İnsanlar sağlamlığı imkan verdiyi təqdirdə çalışmaq istəyir. Ona görə də aktiv məşğulluq tədbirlərini artımağı düşünməliyik. İnanıram ki, təkliflərimiz hökumətin də diqqətinə çatdırılacaq”.