AZ   |   RU
Deputatlar və MŞ sədrindən Ata Abdullayevin həbsinə reaksiya - “Cəzalandırılmalıdır...”

"İstənilən bloger həqiqəti deməli, insanları sıxışdırmamalıdır. Qubada rəhmətlik deputat Yevda Abramovun dəfnində iştirak edərkən Ata Abullayev mənə yaxınlaşdı.  Soruşdu ki, nə əcəb, Milli Məclisin sədri Oktay Əsədov gəlməyib? Dedim ki, biz burdayıq, onun bura gəlib-gəlməməsinin nə dəxli var? Hesab edirəm ki, belə insanlar cəzalandırılmalıdır. Çünki millətin adını batırırlar. Hamısı özünü ağıllı jurnalist kimi aparır. Amma ünsiyyətdə olanda, görürsən ki, bu adamın jurnalistikadan xəbəri yoxdur. Ata Abullayev kimi insanlar mütləq cəzalandırılmalıdır”.

Bu sözləri Millət vəkili Vahid Əhmədov Missiya.Az-a açıqlamasında özünü blogger kimi təqdim edən Ata Abdullayevin həbsinə münasibət bildirərkən deyib.  

Millət vəkili qeyd edib ki, cəmiyyətdə Ata Abdullayevlə bağlı fikiri ancaq mənfi xarakterlidir:
“Dövlət öz işini bilir və kifayət qədər etibarlı əllərdədir. Ata Abdullayev kimi insanlar ona görə cəzalarını almadırlar ki, digərləri bundan dərs götürsünlər. O, karantin dövründə restoranlara girib insanları sıxışdırırdı, yersiz suallar verirdi. Ata Abullayev  bir çox adamları şantaj edib pul alırmış. O, ciddi səhvlərə yol verib və bunun qarışısı alınmalı idi”. 

Mətbuat Şurasının sədri Əflatun Amaşov Missiya.Az-a açıqlamasında Ata Abdullayev kimi şəxslərin mütləq qanun qarşısında cavab verməli olduğunu deyib.

Şura sədri bildirib ki, hər kəs öz əməlinə görə cavab verməlidir: “Ata Abullayev olmasın, Bala Abullayev olsun. Kim qəbul olunmuş qanunlara, qaydaları pozursa, buna görə məsuliyyət daşımalıdır. Əsasən ictimai fikirin formalaşmasında yaxından iştirak edən insanlar bu məsələdə diqqətli olmalıdır. İnsanlarla qeyri-etik ifadələrlə xitab etmək, hadisələrə kobudcasına münasibət bildirmək yolverilməzdir. Əgər bunun qarşısını ala bilməsək, başqaları da ortaya çıxacaq ”.
 
Əflatun Amaşovun sözlərinə görə, Azərbaycan qanunlarında bloggerliklə bağlı müəyyən boşluqlar var: “Düzdür, Azərbaycan qanunlarında bloggerliklə bağlı müəyyən boşuqlar var. Biz bilmirik ki, hansı bloggeri jurnalist hesab etmək olar, hansını yox. Bunun  parametrləri olmalıdır. Məsələn, qonuşu Rusiyada blogerliklə bağlı qanun var. Orada göstərilir ki, əgər hansısa bloggerin bloquna bir sutka ərzində 3 mindən çox adam daxil olursa, onu jurnalist hesab etmək olar. Kütləvi informasiya vasitələrinin əməkdaşlarına aid edilən məsuliyyət həmin bloggerə də aid edilir. Həmin bloggerin özü də eyni məsuliyyəti daşımalı, jurnalistlərə yaradılan imkanlardan istifadə etməlidir”.Şura sədri bloggerliklə bağlı məsələnin kompleks müzakirəyə ehtiyacının olduğunu deyib: “Bu müzakirələrdən sonra Azərbaycan mediasını, bloggerliyini “Ata Abullayevçilikdən” neçə xilas etməyin yolunu müəyyənləşdirə biləcəyik”.  

Millət vəkili Fazil Mustafa da Missiya.Az-a Ata Abullayevin həbsi barədə danışıb. O bildirib ki, şantajla məşqul olan, kimdənsə pul tələb edən hər kəs cəzalandırılmalıdır: “Kimliyindən aslı olmayaraq, şantajla məşqul olan hər kəs məsuliyyətə cəlb olunmalıdır. Qanunvericilikdə bununla bağlı maddələr var. Atılan addımların hamısı qanunayuğundur”.

Missiya.Az

  • 15-03-2021, 15:51