AZ   |   RU
Qarabağın bərpasında KOB klasterləri tətbiq oluna bilər

“Son illər dünyada dövlət-özəl sektor tərəfdaşlığı (PPP) layihələrinin reallaşdırılması üçün bir sıra addımlar atılıb”.

Missiya.Az
xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.

“Ötən 25 il ərzində təkcə inkişaf etməkdə olan ölkələrdə 1,5 trilyon ABŞ dollarından artıq vəsaiti əhatə edən PPP layihələri ictimai infrastruktur və xidmət təminatının inkişafı, eləcə də müvafiq sahədə idarəetmənin effektivliyinin artırılması baxımından uğurlu mexanizm kimi özünü göstərib.

Ölkəmizdə PPP layihələrinin “Tik-İdarə et-Təhvil ver” modeli əsasında tətbiqi üçün qanunvericilik bazası mövcuddur. Eyni zamanda, KOBİA-nın strukturunda Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi fəaliyyət göstərir. Mərkəz PPP sahəsində aidiyyəti dövlət qurumlarının və maraqlı tərəflərin potensialın gücləndirilməsi, beynəlxalq təşkilatlar ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, mütərəqqi beynəlxalq təcrübələrin öyrənilməsi, potensial PPP layihələrinin müəyyən edilməsi istiqamətində bir sıra işlər həyata keçirir. Səmərəli təşkilati-hüquqi model kimi KOB klasterlərinin yaradılmasını da qeyd etmək olar. Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün bir sıra vergi güzəştləri nəzərdə tutulub. Hazırda sözügedən modelin tətbiqi ilə bağlı normativ və tənzimləmə bazasının tamamlanması üzərində işlər gedir. Ümumilikdə, KOB klasterlərin formalaşdırılması daha intensiv və dayanıqlı iqtisadi inkişafa və məşğulluq imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə, eləcə də yüksək əlavə dəyərin yaradılması ilə iqtisadiyyatın mürəkkəblik göstəricisinin yüksəlməsinə təkan vermiş olacaq. Bir məsələni də, vurğulamaq istərdim ki, qeyd olunan biznes modellərin işğaldan azad edilmiş Qarabağın bərpası və ölkənin iqtisadi dəyər zəncirinə re-inteqrasiyası proseslərində də geniş tətbiq imkanları var”, - deyə o, qeyd edib.

O.Məmmədovun sözlərinə görə, KOB-ların rəqəmsallaşması və yaşıl iqtisadiyyatda rolunun artırılması iqtisadi transformasiya prosesinin əsas elementlərindən hesab edir: "İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi ilə Azərbaycanda KOB-ların rəqəmsallaşmasının təşviqi layihəsi həyata keçirilir və artıq tamamlanmaq üzrədir. Layihə çərçivəsində müvafiq sahədə diaqnostik təhlillər aparılıb və fəaliyyətimizin gücləndirilməsi üçün siyasət tövsiyələri hazırlanıb. Bu ilin oktyabr ayında isə BMT-nin Azərbaycan nümayəndəliyi ilə qurumun Qlobal Sazişinin bizneslər arasında təbliği istiqamətində birgə tədbirlərin həyata keçirilməsi məqsədilə Anlaşma Memorandumu imzalamışıq. Sözügedən sənəd “Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə” meyarlarının, həmçinin BMT Dayanıqlı İnkişaf Məqsədlərinin məhsul və proseslərə inteqrasiyası, bizneslərin müvafiq sahədə maarifləndirilməsi, yaşıl iqtisadiyyat prinsiplərinin tətbiqi və s. kimi əməkdaşlıq istiqamətlərini müəyyən edir. Ümumilikdə, KOBİA post-pandemiya dövründə yeni biznes modellərinin inkişafı məqsədilə öz fəaliyyətini bir neçə istiqamətdə qurmaqla müvafiq dəstək tədbirləri həyata keçirir. Bunlar sırasına təşviq, məlumatlandırma, bilik və bacarıqların artırılması və dəstək infrastrukturunun təmin edilməsi daxildir.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və rəqabət qabiliyyətinin artırılması baxımından elmi yeniliklərin biznesə inteqrasiyasında maraqlıyıq. Bu məqsədlə, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu dəstək tədbiri yeni mexanizmlərin və innovativ layihələrin həyata keçirilməsi, sahibkarların fəaliyyətinə təsir edən faydalı model və texnoloji yeniliklərin elmi cəhətdən öyrənilməsi və tətbiqi baxımından əhəmiyyətlidir. 2021-ci ilin fevral-aprel aylarında Agentliyin təşkil etdiyi 1-ci müsabiqəyə təqdim edilmiş layihələrdən 15-i maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması istiqamətlərini əhatə edir. Hər layihə üçün maksimum 20 min manat vəsait ayrılır. Hazırda 2-ci müsabiqə üçün müraciətlərin qəbuluna başlanılıb”.


  • 3-12-2021, 11:18