AZ   |   RU
Ermənistan Avropanın seçdiyi yolla getsə, bu onlar üçün ağrılı proses olacaq - Rusiya XİN

“Əgər Ermənistan Avropanın seçimi yolu ilə getsə, bu, obyektiv olaraq İrəvanın Avrasiya İqtisadi İttifaqındakı (Aİİ) tərəfdaşları ilə bu gün mövcud olan iqtisadi əlaqələrinə yenidən baxılmasına gətirib çıxaracaq. Yəqin ki, bu, Ermənistan əhalisi üçün də daxil olmaqla, kifayət qədər ağrılı proses olacaq”.


Missiya.Az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində deyib.


"Bu, Rusiya və ya başqasının çox inkişaf etmiş iqtisadi əməkdaşlığımız kontekstində Ermənistanı istisna etmək və ya zərər vurmaq istəməsi deyil. Ötən il ticarət dövriyyəmiz əhəmiyyətli artım nümayiş etdirərək təxminən 12 milyard dollar təşkil edib. Bizim heç bir şəkildə Ermənistanın maraqlarını pozmaq planımız yoxdur və ola da bilməz. Bu, bizim müttəfiqimiz və strateji tərəfdaşımızdır”, - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, bu gün də Ermənistanın Aİ ölkələrinin hər biri ilə ticarət dövriyyəsi Rusiya ilə müqayisədə bir neçə dəfə aşağıdır.


“Avropa İttifaqı (Aİ) Ermənistanın əsas iqtisadi tərəfdaşı və strateji müttəfiqi Rusiyaya qarşı açıq düşmənçilik siyasəti aparır. Bu, Rusiyanı strateji məğlubiyyətə uğratmaq və ölkəmizi zəiflətmək, Ukrayna böhranının siyasi-diplomatik yolla həllinə, sülhə nail olmağa yönəlmiş istənilən hərəkətlərin qarşısını almaq cəhdlərindən ibarətdir”, - deyə siyasətçi əlavə edib.


Qaluzin qeyd edib ki, İrəvan bu vəziyyəti görür və ona uyğun qiymət verir. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 11:23