AZ   |   RU
Musiqi terapiyası insan psixologiyasına necə təsir göstərir? - AÇIQLAMA



Ruhun qidası olan musiqi insanların duyğu və düşüncələrini də inkişaf etdirir. Mahnılara qulaq asmağı sevməyən şəxslər çox az sayda olar. Klassik musiqilərimizdən tutmuş yenilərinə qədər hər birini dinləyirik. Mahnıların psixologiyamızda və sağlamlığımızda böyük rol oynadığı qədim dövrlərdən sübuta yetirilib və tətbiq edilir. Hər kəsin zövqləri müxtəlif olduğu kimi dinlədikləri nəğmələr, melodiyalar da fərqlidir. Elə nəğmələr var ki, psixologiyamıza mənfi təsirlər göstərir, ona görə düzgün seçim edilməlidir. Bir çox psixi və fiziki xəstəliklərin müalicəsində musiqi terapiyası tətbiq olunur ki, nəticəsi də uğurlu alınır.

Klinik psixoloq Pərvanə Əliyeva Missiya.Az-a açıqlaması zamanı deyib ki, musiqinin insan orqanizminə faydalarına misal olaraq, beyin dalğalarını tənzimləməsi, dopamini artıraraq insana həzz hissi verməsi, kortizolu endirməsi, ürək döyüntülərini tənzimləməsi, immun funksiyasını aktivləşdirməsi, əzələ gərginliyini azaltması, hormonların ifrazını qaydaya salması, əmək məhsuldarlığını artıra bilməsini sadalamaq mümkündür:

“Həmçinin, yuxunu tənzimləməsi, yaddaşı gücləndirməsi, sosial əlaqələrdə müsbət təsiri, əhval-ruhiyyəni yüksəltməsi və bir çox nümunələri qeyd edə bilərik. Adı çəkilən terapiya somatik və psixi xəstəliklərin müalicə, reabilitasiyasında da istifadə olunur və mühüm əhəmiyyət kəsb edir. Parkinson, alzheimer, demensiya, disleksiya, diqqət dağınıqlığı, autizm spektr pozuntusu (ASP), depressiya, emosional və təşviş pozuntuları kimi xeyli sayda problemlər aradan qaldırılır”.


Pərvanə Əliyeva vurğulayıb ki, musiqi terapiyası tətbiq edilərkən insanının individuallığı nəzərə alınmalıdır, onun problemi diqqətdən qaçmamalıdır:

“Əks halda musiqinin tərkibində olan elementlər insanı xatirələrə götürə bilər. İnsanda hər hansı bir travmaları ilə, yaşamış olduğu neqativ hadisələrlə üzləşdirə bilər. Həmin zaman əks rekasiyalar əldə etmiş olarıq. Çalışaq ki, gündəlik həyatımızda ruhumuza, sinir sistemimizə müsbət effekt göstərən, uyğun musiqiləri seçib qulaq asaq”.




Zərintac Mayisqızı
Missiya.Az



  • 9-04-2025, 12:07