AZ   |   RU
İlham Əliyevin dərin siyasəti, Avrasiyada güclənən mövqeyimiz və Ermənistanın KTMT rüsvayçılığı

Azərbaycanın Avrasiya məkanında həm siyasi, həm iqtisadi, həm də hərbi sferada gücü, hər keçən gün daha da artırmaqdadır. Artıq Azərbaycan Avrasiyada siyasi, iqtisadi və hərbi güc kimi qəbul olunur. Bu müsbət tendensiya Vətən Müharibəsindən sonra özünü daha çox büruzə verməyə başlayıb. Təbii ki, Türkmənistanın paytaxtı Aşğabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısında da prezident İlham Əliyevin çıxışı, keçirdiyi görüşlər, Təşkilat liderlərinin ölkə başçısına göstərdiyi xüsusi diqqət Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun təcəssümüdür.
 
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə nəqliyyat əlaqələrinin inkişaf edirilməsinə böyük önəm verir. Azərbaycan son illər Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi layihələrdə fəal iştirakı ilə faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Zəngəzur dəhlizi”nin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq və Təşkilatın üzvləri “Zəngəzur dəhlizi”ndən yararalanmaq imkanı əldə edəcək.

İƏT-ın sammitində qəbul olunmuş hesabatlarda “Zəngəzur dəhlizi” ilə bağlı müddəalar yer alıb və bu məqam Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü və qətiyyəti nəticəsində reallaşmaq üzrə olan dəhlizin sözügedən təşkilatın nüfuz etdiyi regionda uğurla təşviq edilməsini və qəbul olunmasını bir daha sübut edir.

Zirvə Görüşündə qəbul edilmiş Aşğabad sənədində Azərbaycanın maraqlarına uyğun daha bir müddəa öz əksini tapıb. Həmin sənəddə Azərbaycan xalqı və hökuməti işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik edilir.
Azərbaycanı təbrik edən İƏT ölkələrindən 3-ü (Qazaxıstan, Qırğızıstan və Tacikistan) Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxildir.
 
Qazaxıstan, Qırğızıstan və Tacikistanın KTMT-na üzv olmasına baxmayaraq, Azərbaycanı təbrik etməsi çox vacib məqamdır. Bu məqam bir daha göstərir ki, KTMT üzvləri Azərbaycana böyük dəyər verir və onlar üçün Bakı ilə iqtisadi-siyasi əməkdaşlıq İrəvanla əlaqələrdən daha önəmlidir. Ən vacib amil isə sözssüz ki, Azərbaycanın haqlı mövqeyi ilə bağlıdır.
 
Ermənistan həm Qarabağ münaqişəsi davam etdiyi dövrdə, həm Vətən Müharibəsi dövründə, həm də müharibədən sonra törətdiyi təxribatlar zamanı Azərbaycanın sərt cavablarından qorxuya düşərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. İrəvan hər müraciətində Təşkilatı Azərbaycana qarşı çıxmağa, Bakıya hərbi təzyiq göstərməyə çağırmışdı. Ermənistan sanki KTMT üzvlərinə kömək üçün yalvarırdı.
 
Amma KTMT-yə üzv dövlətlər Ermənistanın heç bir çağırışına məhəl qoymayıb, Azərbaycana qarşı heç bir bəyanat səsləndirməyib.

Bundan başqa, KTMT-nın aparıcı üzvlərindən olan Belarus da Azərbaycanla dərin münasibətlərə malikdir. Yeri gəlmişkən, Belarus prezidenti Aleksadr Luqaşenko da Azərbaycanı qələbə münasibəti ilə təbrik edib. Rusiya-Azərbaycan əlaqələri isə göz qabağındadır. Görünən odur ki, Ermənistan üzv olduğu hərbi təşkilatda da təklənib. KTMT-na üzv dövlətlərin Azərbaycanı qələbə münasibəti ilə təbrik etməsi, əlbəttə ki, Ermənistana növbəti zərbədir.

Əminliklə deyə bilərik ki, Azərbaycanın mövqeyi İqtisadi Əməkdaşlıq Təşkilatında tam qəbul olunduğu, dəstəkləndiyi halda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında sıxışdırılır. Ermənistanın həm üzv olduğu hərbi təşkilatdan, həm də Cənubi Qafqaz regionunda təklənməsi Azərbaycanın apardığı uğurlu xarici siyasətin, xüsusilə prezident İlham Əliyevin yorulmaz əməyinin, siyasi qətiyyətinin və prinsipiallığının nəticəsidir.
 
Proseslər göstərir ki, əgər Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün səy göstərməsə, rəsmi Bakının təkliflərini qəbul etməsə, bir dövlət olaraq yox olmaq təhlükəsi ilə üzləşəcək.

Missiya.Az

  • 29-11-2021, 15:17