
Ukrayna 2025-ci ildə planlaşdırılan bərpa layihələrini Türkiyəyə təhvil verib. Layihələr üzrə tenderlər aprel-may aylarında elan olunacaq.
Missiya.Az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Kiyevdəki səfirliyinin nümayəndələri və Ukraynanın İnfrastrukturun İnkişafı və Yenilənməsi üzrə Dövlət Agentliyinin rəhbərliyi türk şirkətləri tərəfindən həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün görüş keçirib.
Ukrayna tərəfi qeyd edib ki, ölkənin bərpası prosesi davam edir və aprel-may aylarında 2025-ci ildə həyata keçirilməli olan təxirəsalınmaz layihələr üzrə tenderlərin elan edilməsi planlaşdırılır.
Bərpa üçün prioritet istiqamətlər gömrük-keçid məntəqələrinin yenidən qurulması, yeni avtomobil yollarının tikintisi, ümumrespublika ödənişli avtomobil yolları sisteminin yaradılması kimi müəyyən edilib. Bundan əlavə, Ukrayna tərəfi enerji layihələri, sosial evlərin inkişafı və su təchizatı da daxil olmaqla, digər mühüm təşəbbüsləri əks etdirən dosyeni Türkiyə nümayəndələrinə təhvil verib.
Xatırladaq ki, bu yaxınlarda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna dövlət başçısı Volodimir Zelenski arasında görüş keçirilib. Ərdoğan Zelenskiyə deyib ki, türk şirkətləri Ukraynaya müharibənin vurduğu dağıntıların aradan qaldırılmasında və yenidənqurma işlərində dəstək verməyə hazırdır.
Daşqın Həsənov
Missiya.Az