AZ   |   RU
YAP Nizami rayon təşkilatında “Qalib ölkənin qələbələr partiyası: YAP 29 ildə” mövzusunda tədbir keçirilib - FOTOLAR
 
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında partiyanın təsis edilməsinin 29-cu ildönümünə həsr edilmiş “Qalib ölkənin qələbələr partiyası: YAP 29 ildə” mövzusunda tədbir keçirilib.
 

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının - şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Çıxış edən Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov qeyd ediblər ki, güclü Lider ətrafında yaradılan Yeni Azərbaycan Partiyası qısa müddət ərzində siyasi səhnədə layiqli yer tutdu və xalqı öz ətrafında sıx birləşdirdi.

 

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzu, xalqın Ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi. YAP qısa müddət ərzində Azərbaycan xalqının iradəsi əsasında hakimiyyətə gələrək ölkəmizin həyatında keyfiyyətcə və mahiyyətcə tamamilə yeni mərhələnin başlanmasını, yeni Azərbaycan quruculuğunun həyata keçirilməsini təmin etdi.
 
Çıxışçılar onu da vurğulayıblar ki, Prezident İlham Əliyevin sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olaraq nüfuzu davamlı olaraq artır. Sıralarında 800 minə yaxın vətəndaşı, cəmiyyətin bütün təbəqələrindən olan fəal, intellektual və vətənpərvər insanları birləşdirən YAP bütün seçkilərdə möhtəşəm qələbə qazanaraq, sözün  əsl mənasında, qələbələr partiyasına çevrilib.
 
Çıxışlardan sonra tədbirdə 44 günlük müharibə zamanı fəallıq göstərən ictimai xadimlər, rayonun ictimai həyatında və mədəni inkişafında fəal iştirak edən şəxslər mükafatlandırılıb.
 
Nizami rayonunun ictimai həyatında və mədəni inkişafında fəal iştirak edən, xüsusilə də COVİD-19 pandemiyası zamanı, eləcə də Vətən müharibəsi dönəmində qazilərə, müharibə iştirakçılarına və şəhid ailələrinə yönəlik tədbirlərə verdiyi əhəmiyyətli dəstəyə, eləcə də 27.09.2021-12.11.2021-ci il tarixlərində Vətən müharibəsinin I ildönümü münasibətilə rayonda keçirilmiş bütün tədbirlər üzrə xüsusi fəallığına görə Missiya Media Qrupunun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Əhmədov Ramin Sərdar oğlu Nizami Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif edilib.
 
27 sentyabr 2020-ci il tarixində başlanmış 44 günlük Vətən müharibəsi zamanı döyüş və ətraf  bölgələrdə tibbi xidmət vəzifəsini şərəflə həyata keçirdiyi, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının qorunması naminə vəzifə borcunu layiqincə yerinə yetirdiyi üçün bir qrup partiya fəalı YAP Nizami rayon təşkilatının Təşəkkürnamələri ilə təltif ediliblər.
 
Milli Məclisin deputatı Sədaqət Vəliyeva 2008-ci ildən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri kimi rayon təşkilatının inkişafındakı xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub.

 
Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi naminə Vətən müharibəsində yüksək döyüş qabiliyyəti, şücaət və igidlik nümayiş etdirdiyinə, parlaq Zəfər tariximizin yazılmasına şəxsi töhfəsini verdiyinə görə bir qrup qaziyə və müharibə iştirakçısına YAP Nizami rayon təşkilatının Təşəkkürnamələri və Missiya Media Qrupunun mükafatları ilə təltif olunublar.
 
Tədbirə bədii qiraətçi, partiya fəalı Pərvanə Talıbovanın “Səni sevir Azərbaycan” adlı şeiri səsləndirməsi ilə yekun vurulub.

 
 
 
 
 
 
 
  
   

  • 22-11-2021, 14:38