AZ   |   RU
Ermənilər sərhədlərin müəyyənləşməsindən niyə qorxurlar? - FAKTLAR
Ermənistanın sərhəddə törətdiyi son təxribat əməlində lazımi cavabını aldıqdan sonra Nikol Paşinyan bildirdi ki, Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlamağa hazırdır. Bəs, niyə indiyə qədər Ermənistan bu məsələdən boyun qaçırırdı?

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Modern.az-a açıqlamasında bildirib ki, bunun bir çox səbəbləri var:

“İlk növbədə ona görə ki, bununla Ermənistan tərəfi 10 noyabrda imzaladığı kapitulyasiya sənədini yekun olaraq təsdiq etmiş olacaq. İkincisi, Qazaxın hələ də işğal altında saxladığı kəndlərini, Naxçıvanın Kərki kəndini rəsmi olaraq qaytarmış olacaq. Qarabağda sülhməramlıların nəzarətində olan ərazilərdə saxladığı silahlı terrorçu dəstələrlə əlaqələri xeyli dərəcədə kəsilmiş olacaq və daha bir çox məsələlər. Amma mən diqqəti bunların hər birindən daha önəmli bir səbəbə də cəlb etmək istəyirəm.

Tarixdən bildiyimiz kimi, Azərbaycan K(b)P MK Siyasi və Təşkilat Bürolarının 1920-ci il 30 dekabr və 1921-ci il 12 yanvar tarixli iclaslarında Azərbaycanın tarixi ərazisi olan Zəngəzur Moskvanın təhriki ilə faktiki olaraq iki yerə bölünmüş, mahalın erməni daşnaklarının işğalı altında olan qərb hissəsi sovet Ermənistanına verilmiş, bu hissədə daşnaklar tərəfindən soyqırımına məruz qalaraq qovulmuş qaçqın müsəlman əhalinin toplaşdığı şərq hissəsi isə sovet Azərbaycanının tərkibində saxlanmışdır.

Lakin burada bir maraqlı cəhət var. Zəngəzur ərazisi ikiyə bölünəndə 6742 kv. km olmuş, onun 3637 kv. km-i Ermənistana birlədirilmiş, 3105 kv km-i isə Azərbaycanın tərkibində qalmışdır. Ermənistana verilmiş həmin ərazi 1930-cü il sentyabrın 9-da Ermənistan SSR-də rayonlaşdırma aparılarkən dörd rayona – Gorus, Qarakilsə, Qafan və Meğri rayonlarına bölünmüşdür.

“Ermənistan SSR-in rəsmi ərazi-inzibati bölgüsü”nə görə, 1980-ci illərin əvvəllərində həmin rayonların ərazisi belə göstərilmişdir: Gorus rayonu – 752 kv. km, Qarakilsə (Sisian) rayonu – 1719 kv. km, Qafan rayonu – 1345 kv. km, Meğri rayonu – 664 kv.km. Bu da toplam 4480 kv. km ərazi edir. Belə olan surətdə ortaya təbii sual çıxır: 1921-ci ildə Zəngəzurun ermənilərə verilən ərazisi 3637 kv. km idisə, necə oldu ki, sovet dövründə bu ərazi 4480 kv. km-ə çatdı? Necə oldu ki, Ermənistanın bu bölgədəki ərazisi 843 kv. km artdı? Cavab özlüyündə aydındır, bu, Ermənistanın qanunsuz olaraq zəbt etdiyi ərazilərdir. Üstəgəlin 30 illik işğal dövründə ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə doğru “sürüşdürdüyü” sərhədlərini.

Ermənilər delimitasiya və demarkasiya məsələsindən buna görə yayınmaq istəyir, sovet dövründə qanunsuz olaraq zəbt etdiklərinin əllərindən alınacağından qorxurlar. Qaragöl, Zod, Şurnuxu məsələsində bunu gördülər və yaxşı bilirlər ki, erməni faşizminin belini sındıran dəmir yumruq sərhədlərin müəyyənləşdirilməsi məsələsində də öz sözünü deyəcək. Bu, tarixi ədalətin bərpasıdır, ermənilər bununla hesablaşmağa məcburdurlar".



  • 22-11-2021, 13:10