Azərbaycan müasir avtomobil sənayesinin flaqmanlarından biri olan Gəncə Avtomobil Zavodunda istehsalın başlanmasının 20-ci ili tamam olur. Möhtərəm Prezident İlham Əliyevin başlatdığı iqtisadi islahatların, o cümlədən regionların iqtisadi potensialının hərəkətə gətirilməsinin nəticəsi olaraq 2004-cü ilin dekabr ayından fəaliyyətə başlayan zavodda elə həmin il dekabrın 24-də ilk minik avtomobili konveyerdən çıxıb. Artıq 20 ildir ki, Gəncə Avtomobil Zavodu özünün uğurlu fəaliyyəti ilə ona bəslənən etimad və ümidi layiqincə doğruldur.
Xatırladım ki, əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə Avtomobil Zavodunun tikintisinə 1986-cı ildə başlanmışdı. Həmin vaxt bu qərar Ermənistanda narazılıq və qısqanclıqla qarşılansa da, ulu öndər Heydər Əliyevin nüfuzu və möhkəm iradəsi sayəsində zavodunun təməli Azərbaycanda, Gəncədə qoyuldu. Müəssisənin tikintisi 1989-cu ildə başa çatdırılmalı, 1990-cı ilin əvvəlindən isə artıq 1,5 tonluq yük avtomobillərinin istehsalına başlanmalı idi. Zavod tikilsə də, sovetlər birliyinin dağılması nəticəsində burada istehsala başlamaq mümkün olmadı.
Regionların inkişafında başlanan yeni mərhələ, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində 2004-cü ilin dekabrında Gəncə Avtomobil Zavodu işə salındı. Həmin vaxt ilk olaraq Rusiyanın Naberejnıye Çelnı şəhərində yerləşən azlitrajlı avtomobillərin istehsalı üzrə zavodla bağlanan müqaviləyə əsasən “VAZ-11113”-“OKA” markalı avtomobillərin yığımına başlandı. 2004-cü il dekabr ayının 24-də isə müəssisənin konveyerində yığılan ilk avtomobil hazır oldu və bu əlamətdar hadisə şəhər səviyyəsində təntənəli şəkildə qeyd edildi.
Həmin dövrdə zavodun ilk məhsulu Birinci Qarabağ müharibəsi, habelə Böyük Vətən müharibəsi iştirakçılarına – əlillərə və veteranlara təqdim olundu. Ölkənin müxtəlif bölgələrində yaşayan 120 nəfər bu kateqoriyadan olan şəxs Gəncə avtozavodunda yığılan «OKA» avtomobillərə sahib oldular. Ümumimilikdə isə müəssisədə 314 «OKA» avtomobili istehsal edildi.
İlk addımlarını müvəffəqiyyətlə atan Gəncə Avtomobil Zavodu 2005-ci ildə “UAZ” ASC ilə imzalanan razılaşmaya əsasən Rusiyanın “UAZ” avtomobillərinin 10 modelinin yığımına başladı. Bir il müddətində 243 ədəd “UAZ” avtomobili yığılaraq istifadəyə verildi. Bundan sonra Gəncə Avtomobil Zavodu ilə 2005-ci ilin oktyabr ayında Çinin “Çanqan” şirkəti arasında müqavilə imzaladı. Bu sənədə əsasən müəssisədə 7 modeldə ortatonnajlı yük maşınlarının yığımına başlanıldı. Bir il müddətində ümumilikdə 68 “Çanqan” markalı avtomobil yığılaraq istifadəyə verildi.
2006-cı ildən müəssisənin həyatında yeni bir səhifə açıldı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Belarusa səfəri zamanı bu ölkənin traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə Belarusun dövlət başçısı ilə razılığa gəlindi və həmin müəssisələrlə uzunmüddətli əməkdaşlıq müqaviləsi bağlanıldı. Müqaviləyə uyğun olaraq 2007-ci ilin mart ayında Belarusdan daxil olan komplektləşdiricilərin əsasında “Belarus” traktorlarının “Belarus 80.1” , “Belarus 82.1”, “Belarus 1221”, “Belarus 1025”, “Belarus 892” və “Belarus 80X” modellərinin istehsalına başlanıldı. 2018-ci ilin aprelində müəssisədə on mininci traktor istehsal edildi. Ümumilikdə 2007-ci ildən indiyədək zavodun bazasında 15 000-ə yaxın traktor yığılıb.
2007-ci ilin aprel ayından isə Gəncə Avtomobil Zavodunda MAZ avtomobillərinin yığımı təşkil olundu. 2013-cü ildə “Minsk təkərli dartıcılar” zavodu ilə bağlanmış ikitərəfli müqaviləyə əsasən 2014-cü ildən dartıcı avadanlıqların istehsalına başlanılıb. İkitərəfli əməkdaşlıq çərçivəsində Gəncə Avtomobil Zavodunda “MAZ” avtomobillərinin və traktorların yığımı hazırda da davam etdirilir. İndiyədək zavodda 3000-ə yaxın 20 modeldə “MAZ” markalı yük maşını və müxtəlif texnikalar istehsal olunub.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Belarus-Azərbaycan birgə iqtisadi əlaqələri çərçivəsində fəaliyyətini son illərdə bir qədər də genişləndirib. Belə ki, 2019-cu ildən Belarusun elektrik avtobuslarının və taxılyığan kombaynların Gəncədə birgə istehsal olunması barədə razılıq əldə olunub. Elektrobuslar həm ekoloji, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişin üçün nəzərdə tutulan və 60 kilometr/saat sürətlə hərəkət edən elektrobusun akkumulyatoru enerjidoldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. Müəssisədə il ərzində 150 elektrobusun yığılıması mümkündür.
Gəncə Avtomobil Zavodunda Belarus yanğınsöndürmə texnikasının istehsalı da həyata keçiriləcək. Bununla bağlı müqavilə 2024-cü ilin iyun ayında Belarusda “Gəncə Avtomobil Zavodu” İB, “Minsk Avtomobil Zavodu” ASC (MAZ) və “Pojsnab” MMC arasında imzalanıb. Yanğınsöndürmə texnikası “Pojsnab” şirkəti tərəfindən istehsal ediləcək, onun yığılması isə Gəncədə həyata keçiriləcək.
Hazırda Belarusun “Moqilyovtransmaş”, “Minsk”, “Bobruysk”, “Qomselmaş”, “Belkommunaş” kimi iri sənaye müəssisələri ilə sıx əməkdaşlığımız uğurla davam edir. Yığılan yük avtomobili və digər texnikaların 40-50 faizini yerli istehsal təşkil edir.
Belarusla yanaşı Rusiyanın da tanınmış maşınqayırma müəsissələri ilə də əməkdaşlıq əlaqələri yaradılıb. Bağlanmış müqavilələrə əsasən artıq bir neçə ildir ki, “KamAZ” və “Ural” markalı yük maşınlarının da yığılması həyata keçirilir. “KamAZ” ASC-nin Gəncə Avtomobil Zavodu İB ilə birgə layihəsinə 2014-cü ildə start verilib. Respublikamızda “KamAZ”ın ilk partiyası 2015-ci ildən satışa buraxılıb. Hazırda Gəncədə 8 model “KamAZ” avtomobillərinin istehsalına nail olunub və indiyədək 1500-ə yaxın avtomobil istismara verilib.
Rusiya müəssisələri ilə əməkdaşlıq çərçivəsində indiyədək zavodda 700-dək URAL markalı yük avtomobilinin də yığımı həyata keçirilib.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İB-in birgə müəssisəsi olan “Avto Lizinq Azərbaycan” MMC-nin servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Xatırladım ki, Cəbrayıl rayonu “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılan servis mərkəzinin təməli 2021-ci il oktyabr ayınıda Prezident İlham Əliyev cənablarının iştirakı ilə qoyulub. 2023-cü il iyunun 17-də də isə cənab Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun iştirakı ilə açılışı olub. Servis mərkəzinin məqsədi işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan yük avtomobillərinə və yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə, digər texnikalara peşəkar xidmətin göstərilməsidir.
Ümumiyyətlə, Gəncə Avtomobil Zavodu maşınqayırma sənayesi sahəsində Azərbaycan-Rusiya və Azərbaycan-Belarus uğurlu əməkdaşlığının real təsdiqidir. Məhz Prezident İlham Əliyevin səyi ilə Belarus və Rusiya müəssisələri ilə faydalı və səmərəli əməkdaşlıq əlaqələri yaradılaraq inkişaf etdirilir. Lakin zavodun fəaliyyəti yalnız Rusiya və Belarus avtomobillərinin yığımı ilə yekunlaşmır. Belə ki, Gəncə Avtomobil Zavodu digər ölkələrin də tanınmış avtomobil maşınqayırma müəssisələri ilə əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı texnikalarının istehsalını həyata keçirməkdə maraqlıdır. Məsələn, zavodda bir neçə il əvvəl Finlandiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında müasir kombaynların yığılmasına da başlanılıb. Bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğrultmaqla fermerlərin marağına səbəb olub. Təkcə 2023-cü ildə 50 ədəd “Sampo” markalı kombayn istehsal olunub.
Gəncədə həm də alman traktorlarının yığımı həyata keçirilir. Bununla bağlı 2023-cü ilin may ayında İtaliyanın “SDF group” şirkəti ilə əməkdaşlıq müqaviləsi bağlanılıb və ilkin mərhələdə DEUTZ-FAHR 4100 W-6205 g və AGROFARM-115 g traktor modellərinin Gəncədə yığılması üçün razılıq əldə edilib. Keyfiyyəti ilə seçilən alman traktorlarına Azərbaycan bazarında tələbatın olduğunu nəzərə alaraq ilkin mərhələdə 300-ə yaxın traktorun yığılmasını planlaşdırır. Müqavilənin şərtlərinə görə, zavod yığılacaq traktorların model sırasını gələcəkdə genişləndirməyi nəzərdə tutur.
Azərbaycanda aparılan tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində, eyni zamanda respublikamızın ixracatında “Gəncə Avtomobil Zavodu” İB-nin fəaliyyəti önəmli rol oynayır. 20 il bundan öncə ölkə başçısının qayğı və dayağı nəticəsində ərsəyə gətirilən Gəncə Avtomobil Zavodu hazırda həm istehsalına, həm də iqtisadi və maliyyə göstəricilərinə görə respublikamızda öndə gedən sənaye müəssisələrdən biridir. Bu illər ərzində cənab Prezident İlham Əliyevin diqqət və qayğısını üzərimizdə hiss edərək müəssisədə istehsal sahələrinin yüksələn xətlə genişləndiridməsinə nail olduq. Əgər 2004-cü ildə 80 işçi ilə işə başlamışdıqsa, bu gün onların sayı 500 nəfərdən çoxdur.
Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini hər il artırır. Bunun nəticəsidir ki, istehsal edilən texnikaların ümumi sayında ildən ilə artım müşahidə olunur. Məsələn, 2022-ci il ərzində 587 müxtəlif modeldə traktor yığılmışdısa, 2023-cü ilin müvafiq dövründə bu rəqəm 662 traktror təşkil edib ki, bu da 12,7 faiz artım deməkdir. Həmçinin müəssisədə 2023-ci il ərzində müxtəlif təyinatlı 341 KAMAZ, 23 ədəd KAMAZ şassisi üzərində quraşdırlımış vaxta avtobusu yığılıb. Təbii ki, 2024-cü ilin nəticələri zavodun uğurlu fəaliyyətinin növbəti təsdiqi olacaq.
Gəncə Avtomobil Zavodunun fəaliyyətindən bəhs edərkən bir məsələni də böyük qürur hissi ilə qeyd etmək istərdim. Müəssisənin ötən 20 illik tarixində əlamətdar hadisələr çoxdur. Hər dəfə hansısa modeldən olan avtomobilin, traktorun, yük maşınının və ya digər texnikanın ilk dəfə konveyerdən çıxması əlamətdar hadisəyə çevrilib. Lakin hesab edirəm ki, bu sırada zavodun Vətən müharibəsi dövründəki arxa cəbhə fəaliyyəti xüsusi qeyd olunmalıdır. Böyük fəxrlə bildirmək istəyirəm ki, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnən 44 günlük savaş günlərində Gəncə Avtomobil Zavodunun bütün resursları hərbi əməliyyatlar zamanı zədələnmiş hərbi texnikalarımızın bərpasına yönəldildi. Həmin günlərdə Gəncənin Ermənistan tərəfindən davamlı şəkildə bombalanması bizi qorxuda və ya çəkindirə bilməzdi. Əksinə, həmin günlərdə kollektivimiz daha da mübariz oldu, öz əməlləri ilə böyük zəfərimizin əldə olunmasına layiqli töhfələr verdi. Təsadüfi deyil ki, həmin vaxt zavod 3 növbəli olmaqla, 24 saatlıq iş rejimində çalışdı, hər bir əməkdaş böyük fədakarlıq göstərdi. Döyüşlər zamanı zədələnmiş hərbi texnikalar qısa müddətdə bərpa olunaraq, yenidən cəbhəyə yola salındılar. Bu baxımdan Gəncə Avtomobil Zavodunun Vətən müharibəsi dövründəki fəaliyyəti, müəssisənin hər bir üzvünün fədakarlığı, müəssisənin tarixinin şərəf səhifəsidir.
Gəncə Avtomobil Zavodunun fəaliyyəti Prezident İlham Əliyvin qeyri-neft sektorunun inkişafı ilə bağlı yürütdüyü siyasətin bariz nümunəsidir. Ötən 20 ildə qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirən Gəncə Avtombil Zavodu bu gün həm də Azərbaycan avtomobil sənayesinin flaqmanlarından biri, respublikada sənayeləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin uğurlu bəhrəsidir.
Hazırda müəssisə özünün yeni inkişaf dövrünü yaşayır. Daim dövlətimizin və onun rəhbərinin diqqət və qayğısını hiss edən bu müəssisə ölkəmizdə aparılan genişmiqyaslı tikinti-quruculuq işlərində, həmçinin kənd təsərrüfatında istifadə edilən maşın və texnikalara olan ehtiyacın ödənilməsində önəmli rol oynayır. Xarici tərəfdaşlarla səmərəli əlaqələr qurulması nəticəsində zavod istehsal olunan maşın və texnikaların çeşidini ildən-ilə artırır.
Ötən dövr ərzində fəaliyyəti dövlət başçısı tərəfindən yüksək qiymətləndirilib, işçilər "Tərəqqi” medalı, «Əməkdar mühəndis» fəxri adı ilə təltif ediliblər. Möhtərəm Prezidentimizin zavoda gələrək görülən işlərlə yerində maraqlanması, istehsal sahələri ilə tanış olması müəssisənin fəaliyyətinə yüksək stimul verib.
Gəncə Avtomobil Zavodu müasir, keyfiyyətli və sərfəli nəqliyyat, kənd təsərrüfatı və yük avtomobilləri ilə bundan sonra həm respublikada daxili tələbatı uğurla ödəyəcək, həm də ixracata böyük töhfələr verəcək.
Xanlar Fətiyev
Milli Məclisin deputatı, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri