AZ   |   RU
Qərbin riyakarlıq cəhdlərinə baxmayaraq, Azərbaycan COP29-a uğurla ev sahibliyi edir - Qarayaxma kampaniyası iflasa uğradı



Ölkəmiz artıq 9-cu gündür ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29-a) ev sahibliyi edir. Belə bir beynəlxalq əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada yüksələn nüfuzunun və prezident İlham Əliyevin düşünülmüş siyasətinin göstəricisidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimində deyib: 



“Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. Demək olar ki, 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir”. 


Bu gün bir sıra dövlətlərin diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda ölkəmizə qarşı növbəti iyrənc kampaniyanın davam etdiyi hiss edilməkdədir. Bu qarayaxma kampaniyaların genişlənməsi isə gözlənilən idi. Qarayaxma cəhdinin arxasında Qərbin bəzi anti-Azərbaycan dairələrinin və erməni lobbisinin olduğu isə hamımıza məlumdur. Çünki, dövlətimizin apardığı müstəqil siyasətə kölgə salmaq cəhdi illərdir ki, Qərbin ən böyük planıdır. Təkcə bir faktı qeyd edək ki, İkinci Qarabağ müharibəsində də Qərb Fransa kimi işğalçı bir ölkənin əli ilə Azərbaycana təzyiqləri artırmaqda davam etdi. Həmin vaxt ölkədə mövcud durumla bağlı həqiqətə uyğun olmayan məlumatlar intensivləşdi, müxtəlif yüksək vəzifəli şəxslərə qarşı ünvanlı qarayaxma kampaniyasına başlandı. İndi isə Azərbaycanın COP29-a ev sahibliyini qəbul etmək istəmirlər. 


Ümumiyyətlə, istər müharibə dönəmində, istərsə də ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi vaxtlarda Qərbin riyakar uydurmalarının şahidi oluruq. COP29-un əhəmiyyətini başa düşməyən, dünyada əmin-amanlığın qorunması, atmosferin sağlamlaşdırılması baxımından keçirilən mötəbər tədbirə kölgə salmaq istəyən anti-Azərbaycan dairələrin əməlləri cılızlıqdan başqa bir şey deyil. Bilsinlər ki, ölkəmizdə keçirilən tədbirlərin əsas məqsədi xalqlar, dövlətlər arasında sülh, əmin-amanlıq mühitini inkişaf etdirmək, dövlətlərlə inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir. Qərb şayiələr yayır ki, Azərbaycanda guya söz, mətbuat azadlığı yoxdur, siyasi məhbuslar var, ölkədə insan haqları pozulur. Halbuki bunu iddia edən ölkələrin özlərində, o cümlədən Fransa və ABŞ-də dini ayrı – seçkilik, o cümlədən islamofobik meyillər getdikcə güclənir. 


COP29 Azərbaycanda yüksək səviyyədə keçirilməkdədir. Bunu biz demirik, bunu yerli və xarici medianı izləyən hər kəs, ayrı-ayrı ölkələrin rəsmilərinin səsləndirdikləri fikirləri diqqətlə dinləyənlər qürur hissi ilə söyləyir. COP29 çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycanla inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında körpü rolunu oynayacaq, iqlim siyasətinin daha mütəşəkkil formalaşdırılmasında və bir çox ölkələrin ekoloji şüurunun artmasında müstəsna əhəmiyyəti olacaq. Məhz elə Qərbin də həzm edə bilmədiyi Azərbaycanın belə bir əhəmiyyətli tədbirə layiqli ev sahibliyi etməsidir. Digər tərəfdən anti-Azərbaycan qüvvələri narahat edən məsələlər bunlardır: Azərbaycanın müstəqil siyasət yürütməsi, xarici ölkələrlə sağlam təmaslar qurması, müdaxilələrə əhəmiyyət verməməsi, öz vətəndaşlarının rifahı üçün tədbirlər həyata keçirməsi ... Bu uğurlar Qərb ölkələrinin ox olub gözünə batır. Və bu məqsədlə də ölkəmizə qarşı təşkil olunan səmərəsiz cəhdin əsas məqsədi mövcud hakimiyyətə olan inamı və etibarı sarsıtmaqdır. Amma bu, çox mənasız və gülünc addımdır. Bütün təşkil olunan qara kampaniyalara qarşı, Qərbin riyakarlığına rəğmən Azərbaycan daha da inkişaf edəcək, xarici ölkələrlə əməkdaşlığın genişlənməsi, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi yönündə ardıcıl addımlar atacaq. Qərb dövlətləri artıq anlamalıdırlar ki, Azərbaycanın iradəsinə, regiondakı proseslərə təsir edə bilməyəcəklər.Sözsüz ki, bizə onların sübutu olmayan qarayaxmaları deyil, beynəlxalq ictimaiyyətin fikirləri maraqlıdır. Bu da göz önündədir. 


Nurlana Əhmədova 
Missiya.Az


  • 19-11-2024, 19:48