AZ   |   RU
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb

 

Mədəniyyət naziri Adil Kərimli noyabrın 6-da Dövlət Film Fondunda Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) tərəfindən elan olunmuş film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsində qalib gələn şirkətlərin nümayəndələri ilə görüşüb.

Missiya.Az xəbər verir ki, Mədəniyyət Nazirliyi və ARKA-nın məsul şəxsləri, tanınmış kino xadimlərinin də iştirak etdiyi görüşdə agentliyin 2023–2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi və post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi, həmçinin dəstək verilən digər filmlərin hazırkı vəziyyəti haqqında ətraflı fikir mübadiləsi aparılıb, rejissor və prodüserlərin rastlaşdığı problemlər dinlənilib.

Adil Kərimli qeyd edib ki, qurumun əsas hədəfi film istehsalçıları üçün əlverişli ekosistemin yaradılmasıdır. Bildirilib ki, ARKA tərəfindən ötən il elan olunan film layihələri müsabiqəsində ərsəyə gətirilən işlərin müdafiə (pitçinq) mərhələsi gerçəkləşib. Bu mərhələdə layihələr Seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Bu müsabiqə vasitəsilə 40-dan çox film istehsalata buraxılıb.

Görüşdə həmçinin kino sahəsində kadr çatışmazlığı, filmlərin dublyajı ilə bağlı bir sıra fikirlər, o cümlədən tənqidi mülahizələr səslənib, bu xüsusda boşluqların olduğu vurğulanıb.

Nazir mədəniyyətin bir çox sahəsində kadr çatışmazlığının özünü göstərdiyini bildirib.

Bədii, sənədli kino ilə yanaşı, animasiya filmlərinin istehsalına da toxunan nazir bu sahənin inkişafına xüsusi diqqət ayrılacağını söyləyib.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd proqramı” həyata keçirilib. Proqramda qaliblər gələn gənclərdən 6 nəfəri (ötən il 1 nəfər olub) xaricdə kino sahəsi üzrə nazirliyin qrantı əsasında təhsil alır.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • 7-11-2024, 11:37