ABŞ-nin demokrat vitse-prezidenti Kamala Harris, güman ki, çərşənbə günü prezident seçkilərindəki rəqibi - respublikaçı keçmiş prezident Donald Trampa zəng vuracaq və seçkilərdəki məğlubiyyətini etiraf edəcək.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı Harrisin iki köməkçisinə istinadən məlumat yayıb.
“Zəngin vaxtı hələ də müzakirə olunur. Harris hazırda çıxışı üzərində çalışır”, - telekanal adı açıqlanmayan köməkçidən sitat gətirib.
Eyni zamanda, Ağ Evin adı açıqlanmayan nümayəndəsi NBC telekanalına bildirib ki, ABŞ Prezidenti Cozef Bayden də çərşənbə günü Trampa zəng etmək niyyətindədir və bundan əlavə, seçkilərin nəticələri ilə bağlı ictimaiyyətə danışmaq istəyir.
Amma zəngin vaxtı və çıxışın məzmunu hələlik təsdiqlənməyib.
Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi.