AZ   |   RU
Gürcüstanda müxalifət seçkinin nəticələrini tanımır, aksiyalara hazırlaşır
Gürcüstanda bələdiyyə seçkilərinin ikinci turunda səslərin hesablanması başa çatıb.Səsvermə 30 oktyabr şənbə günü keçirilib. Deutsche Welle xəbər verir ki, hakim Gürcü Arzusu partiyasının namizədləri Tbilisi, Kutaisi, Batumi, Poti və Rustavi olmaqla 20 bələdiyyədən 19-da qələbə qazanıblar.

Yalnız Gürcüstanın qərbində yerləşən Tsalencixa bələdiyyəsində müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Giorgi Xarçilava qalib gəlib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, Tbilisinin hazırkı meri Kaxa Kaladze 55,6 faiz, onun müxalifətdə olan Vahid Milli Hərəkat partiyasından olan rəqibi Nikanor Melia isə 44,4 faiz səs toplayıb.

Rustavidə Nino Latsabidze, Batumidə Arçil Çikovani, Kutaisidə İoseb Xaxaleyşvili, Potidə Beka Vaçaradze qalib gəlib.

İkinci turda seçki məntəqələrində seçici fəallığı 49 faiz təşkil edib. Gürcüstan müxalifəti seçkilərdə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımaqdan imtina edib.
Vahid Milli Hərəkatın rəhbəri, Mixail Saakaşvilinin tərəfdaşı Nikanor Melia oktyabrın 31-də etdiyi çıxışında həmvətənlərini “güzəştsiz mübarizəyə” çağırıb.

“Dünən mübarizə bitməmişdi - dünən mübarizə başladı. Təbii ki, heç kim, heç bir özünə hörmət edən Gürcüstan vətəndaşı dünən baş verənlərlə barışmaq fikrində deyil. Biz çox qətiyyətlə, sarsılmaz, sülh yolu ilə mübarizə aparacağıq... " Melia deyib.

Sputnik.az

  • 31-10-2021, 16:38