“Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı və dönməzliyi nəticəsində Azərbaycan İkinci Qarabağ Müharibəsində böyük qələbə qazandı. Xalqımız bu qələbəni uzun illərdir ki, gözləyirdi. Nəhayət, böyük sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixi nailiyyətə imza atdı. Bu, Azərbaycan tarixində heç vaxt yaşanmamış qələbədir. Bu qələbə, xalqın Prezident İlham Əliyevə olan inamını və etimadını daha da artırdı. Çünki Prezident müharibə dövründə və müharibədən sonra həqiqi liderlik keyfiyyətləri, diplomatik məharət, siyasi manevrlər nümayiş etdirdi. Xalqımız bir daha əmin oldu ki, ölkə başçısı milli maraqlarımızın, ərazi bütövlüyümüzün müdafiəsi baxımından strateji və düzgün taktiki qərarlar qəbul edə biləcək böyük siyasətçidir”.
Missiya.Az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, dəqiq hesablanmış strateji qərarları barədə danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Prezident İlham Əliyev hər bir qərarını Azərbaycan xalqının maraqlarına uyğun verir: “Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasına xidmət edən tarixi qərarlar qəbul edir, bənzərsiz addımlar atır. İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində dünyanın aparıcı dövlətlərinin liderləri Azərbaycanın milli maraqları ilə hesablaşmağa məcbur olur. Xalqımız müharibə dövründə Azərbaycan Prezidentinin ölkəmizi təhdid edən dövlətlərin liderlərinə verdiyi cavablarda bir daha bu prinsipiallığı gördü. Dövlət başçısı milli maraqlarımızdan çıxış edərək, Azərbaycanı qələbəyə gedən yolda təkləməyə çalışan dövlətlərə layiqli cavab verirdi. Bu gün də onu görürük ki, böyük dövlətlərin liderləri Azərbaycanın diqtəsi ilə geri çəkilməyə məcbur olur, ölkəmizə qarşı təzyiqlərdən əl çəkirlər. Ölkə başçısı həm də əhalinin rifahı üçün həyata keçirilən böyük iqtisadi və sosial layihələrin memarıdır. İlham Əliyev vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, maaşların, pensiyaların və müavinətlərin artırılması üçün sərəncamlar və fərmanlar imzalayır. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Sözsüz ki, xalqımız da Prezidentin həm xarici, həm də daxili siyasətini yüksək qiymətləndirir”.
Vətən Müharibəsindən sonra Prezident İlham Əliyevin qətiyyəti sahəsində Cənubi Qafqazda yeni reallıqların yarandığını deyən Ramin Əhmədov bildirib ki, ölkəmiz hazırda regionun inkişafında əsas hərəkətverici qüvvələrdən biridir: “Regionda yaranan yeni reallıqların müəllifi İlham Əliyevin post-konflikt dövründəki əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, şəhərlərin və kəndlərin bərpasıdır. Artıq Qarabağın bərpası üçün genişmiqyaslı quruculuq işlərinə start verilib. Xüsusilə qeyd etmək lazımdır ki, ölkə başçısı quruculuq işlərini şəxsən nəzarətdə saxlayır. Məsələn, ölkə başçısı son bir ay ərzində 8 dəfə işğaldan azad olunmuş bölgəyə səfər edib”.
Azərbaycanın Prezidentin rəhbərliyi altında regionun beynəlxalq logistik mərkəzinə çevrildiyini deyən Ramin Əhmədov qeyd edib ki, ölkəmizin əsas hissəsini Naxçıvanla və daha sonra Türkiyə ilə birləşdirəcək “Zəngəzur dəhlizi”nin inşasına start verilməsi, Prezident İlham Əliyevin qətiyyətinin və ölkəmizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Ramin Əhmədov Prezident İlham Əliyevin fasiləsiz iş cədvəlinə və yorulmaz fəaliyyətinə də diqqət çəkib:
“Prezident Azərbaycan xalqına verdiyi sözləri yerinə yetirmək, bölgədə sülhü və sabitliyi əbədi etmək üçün var gücü ilə çalışır. Təbii ki, Prezidentin sıx iş cədvəli və yorulmaz fəaliyyəti Azərbaycan xalqının da diqqətini cəlb edir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Azərbaycan xalqını arzularına çatdıran liderdir və xalqımız bundan sonra da onun rəhbərliyi altında gələcəyə inamla gedəcək”.Missiya.Az