AZ   |   RU
Ambulator müalicə dərmanlarının icbari tibbi sığorta təminatına alınması I oxunuşda təsdiqlənib

 

Milli Məclis ambulator müalicənin dərmanlarının icbari tibbi sığorta ilə qarşılanması məsələsini birinci oxunuşda təsdiqləyib.

Missiya.Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” qanunlara təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, dəyişiklik layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb.

Layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb.

Ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir.

Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq.

Layihə səsverməyə qoyularaq birinci oxunuşda təsdiqlənib.




  • Bu gün, 14:17