AZ   |   RU
Bu gün teatr rejissoru Vaqif İbrahimoğlunun doğum günüdür


Bu gün Azərbaycan novator teatr rejissoru Vaqif İbrahimoğlunun doğum günüdür.


Missiya.Az xəbər verir ki, o 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində dünyaya gəlib.


V. İbrahimoğlu 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub, 1972-ci ildə həmin institutu bitirib. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb. 1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərib.


Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlayıb. 1989-cu ildən YUĞ Teatrının bədii rəhbəri vəzifəsində işləyib. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu alıb. Rejissor "YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş verib. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub.


Azərbaycan Teatr Xadimləri İttifaqının (AzTXİ) təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.


V. İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda dünyasını dəyişib.


Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:20