Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana – işğaldan azad olunmuş Füzuli və Zəngilana səfər etməsi, Prezident İlham Əliyevlə səmimi görüntüləri, o cümlədən onun Füzuli Hava Limanının açılışında iştirakı Cənubi Qafqazda gözü olan beynəlxalq güclərə bir çox mesajlar ünvanladı. Bu səfər ilk növbədə həm Bakı ilə Ankara arasında dərin diplomatik, siyasi əlaqələrin təqdimatı, həm də iki xalqın dostluğunun növbəti dəfə nümayiş etdirilməsi baxımından çox əhəmiyyətlidir. Türkiyə və Azərbaycan liderləri Füzuli Hava Limanının açılışında dünyaya dostluq, qardaşlıq mesajı verdilər və bölgənin gələcək inkişafının açarlarının Ankara ilə Bakıda olduğunu bəyan etdilər.
Rəcəb Tayyib Ərdoğanın bu səfəri Azərbaycan və Türkiyə dövlətləri arasında birliyin və bərabərliyin əyani təzahürüdür və Cənubi Qafqaza nüfuz etmək istəyən, Azərbaycanın milli maraqlarını təhdid etməyə çalışan güclərə açıq mesajdir. Yəni dünyaya bəyan edilir ki, Azərbaycan həm Vətən Müharibəsindən əvvəl, həm müharibə davam etdiyi dövrdə, həm də Vətən Müharibəsindən sonra xarici təhdidlərə qarşı Türkiyə ilə çiyin-çiyinə mübarizə aparıb.
Həmçinin Ərdoğanın Füzuli Hava Limanının açılışına təşrif buyurması Türkiyənin Cənubi Qafqazda artan nüfuzuna qısqanclıqla yanaşan xarici qüvvələrə konkret mesajdır: Türkiyə Qafqazda həmişə olub, bundan sonra da olacaq!
Digər tərəfdən Türkiyənin Cənubi Qafqazda nüfuzunun artması, bölgədə uzunmüddətli sülhə və sabitliyə töhvə verəcək. Çünki Türkiyə kimi böyük gücün Cənubi Qafqazdakı hərbi-siyasi və iqtisadi proseslərdə yaxından iştirak etməsi, bölgədə uzunmüddətli sabitliyin formalaşmasında maraqlı olmayan qüvvələrin qarşısında böyük maneədir. Bölgədə sülhün və sabitliyin hərəkətverici qüvvəsi olan Türkiyə və Azərbaycan ortaq mövqe ortaya qoyaraq, Cənubi Qafqaz regionunda kommunikasiyaların bərpa edilməsi, nəqliyyat dəhlizlərinin inşasının sürətləndirməsi yolunda da birgə addımlayır.
Bu nöqteyi-nəzərdən, Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur Dəhlizi) təməlinin qoyulması, “Zəngəzur dəhlizi” layihəsinə qarşı çıxan regional güclərə, Azərbaycanın və Türkiyənin bəzi qonşularına prosesi heç bir formada axsada bilməyəcəkləri barədə siqnaldır. Yəni “Zəngəzur dəhlizi” layihəsi uğurla icra olunur: bu dəhlizin inşasında maraqlı olan bütün qüvvələr məsuliyyətini dərk etməlidir, üzərinə düşən öhtəliklərin icrasını sürətləndirməli, maraqlı olmayan qüvvələr geri çəkilib prosesə mane olmamalıdır.
Türkiyə-Azərbaycan əlaqələrinin daha da dərinləşməsi, Ermənistanın uzun illər ərzində regionda düşmənçiliyi artıran əməllərinin ifşası baxımından da önəmlidir. Məsələn, bu gün Qarabağda sürətli bərpa işləri həyata keçirilir və yenidənqurma prosesinin əsas aparıcı qüvvələrindən biri Türkiyədir. Qarabağ Azərbaycanın və Türkiyənin birgə səyləri ilə bərpa olunur, ermənilərin viran qoyduğu şəhərlər, kəndlər, yollar, məktəblər, hava limanları, mədəniyyət mərkəzləri sürətlə inşa edilir. Türkiyənin nüfuzlu şirkətləri Qarabağın bərpasına böyük töhvə verir.Zamanla dünya gücləri, uzun illər Ermənistanı dəstəkləyərək Qarabağın işğalını uzatmağa çalışan regional oyunçular, işğal olunan şəhərləri və kəndləri viran qoymuş qüvvələr Azərbaycan və Türkiyənin bölgədəki qurucu fəaliyyətini dərk edəcəkdir. Dərk edəcəklər ki, bölgədə Ermənistandan fərqli olaraq, Azərbaycan və Türkiyənin qurucu missiyası var. Əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə liderləri öz əməli fəaliyyətləri ilə milli maraqlarını hər şeydən üstün tutduqlarını və qətiyyətlə qoruduqlarını nümayiş etdirirlər. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə etmiş, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul edilirlər.
Elvin Məmmədov
Missiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.5. istiqaməti üzrə (Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması) hazırlanmışdır.