Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr 2021-ci il tarixində Şanlı Qələbəmizin birinci ildönümü münasibətilə silsilə zəfər tədbirləri təşkil ediləcək.
Missiya.Az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, artıq 1 ildir ki, birliyimizin, yenilməzliyimizin rəmzi olan bu tarix mədəniyyətin bütün sahələrinə sirayət edərək, zəfər ruhumuzu alovlandırır. Silsilə tədbirlər boyu mədəniyyət və incəsənət sevərlər əzəmətli qələbənin zərrəsinə çevriləcək.
Zəfər əhvallı rəngarəng tədbirlər çərçivəsində ölkənin aparıcı teatr-konsert müəssisələrində qabaqcıl kollektivlərin iştirakı ilə maraqlı konsertlər baş tutacaq.
Qələbə notlarına köklənmiş proqramlar siyahısına Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası, “4.4” Qısa tamaşalar Festivalı, Beynəlxalq Muğam Mərkəzində “Havalansın Xanın səsi!” milli musiqi axşamı, “Jazz says Victory” adlı caz axşamı, Dövlət Uşaq Filarmoniyasında balaca istedadların ifasında Zəfər konserti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Cavad xan” baleti, Kamera və Orqan Musiqisi zalında gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.
Əlamətdar hadisələrdən biri də odur ki, nazirliyin dəstəyi ilə baş tutmuş Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.
Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.