AZ   |   RU
Nizami rayonunda Anım günü ilə bağlı tədbir keçirilib

 

Nizami rayonunun Qara Qarayev prospektində yerləşən Nizami Rayonu Vətən müharibəsi şəhidlərinin xatirə kompleksinin qarşısında Anım günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər və  ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar arasında Türk Ağsaqqalları İctimai Birliyinin İdarə Heyətinin üzvləri, eləcə də TAİB-in Qadınlar Şurasının  və Gənclər Təşkilatının təmsilçiləri də olub.

Mərasim Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi işə başlayıb.

Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digər çıxış edənlər bildiriblər ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzünün qarşısının alınması, eləcə də işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələri 2020-ci il sentyabrın 27-dən Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb və elə ilk gündən etibarən rəşadətli Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunur. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.

Tədbir iştirakçıları həmçinin Keşlə Şəhidlər Xiyabanında və II Şəhidlər Xiyabanında şəhidlərin məzarını ziyarət edib, gül dəstələri düzüb, onların ruhlarına dualar oxuyublar.

Qeyd edək ki, 2021 ci ildə Vətən müharibəsinin başlamasının birinci ildönümü ilə əlaqədar Nizami rayonu Qara Qarayev prospektində yerləşən parkda Missiya Media Qrupunun sosial lahiyələri çərçivəsində geniş abadlıq və yenidənqurma işləri aparılıb. Bu parkda şəhidlərin xatirəsinə abidə ucaldılıb. Hər il elə bu yerdə anım tədbirləri keçirilir.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 13:06