AZ   |   RU
Məktəblilər şəhidləri niyə tanımır? - Pedaqoq cavab verir

Bir neçə gün əvvəl Missiya TV-nin çəkiliş qrupu şəhər sakinləri arasında “Vətən Müharibəsi şəhidlərindən kimləri tanıyırsınız?” sualının yer aldığı sorğu keçirib.

Sorğuda iştirak edən şəhər sakinlərinin əksəriyyəti, xüsusilə məktəblilər Vətən Müharibəsi şəhidlərinin adlarını xatırlamaqda çətinlik çəkiblər. Respondentlərin əksəriyyəti Vətən Müharibəsindən əvvəl – Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan general Polad Həşimovun,  polkovnik İlqar Mirzəyev və İkinci Qarabağ Müharibəsində şəhid olan Muxtar Qasımlı, Xudayar Yusifzadənin adını çəkiblər. Sorğurda iştirak edənlərin çoxu isə Vətən Müharibəsi şəhidlərindən heç birinin adını bilməyiblər.

Xatırladaq ki, Azərbaycan Vətən Müharibəsi zamanı 3 min nəfərə yaxın şəhid verib.


Təbii ki, vətəndaşların 3 minə yaxın şəhidin adını yadında saxlaması fiziki cəhəddən mümkün deyil. Amma ən azından məktəblilər hərəsi bir neçə Vətən Müharibəsi şəhidinin adını çəkməli idi. Məktəblilərin və sakinlərin əksəriyyətinin 30 ilə yaxın müddətdən sonra Azərbaycan xalqına şanlı qələbəni daddıran Vətən Müharibəsi şəhidlərinin adlarını bilməməsi təəssüfləndirici haldır.

Əlbəttə ki, şagirdlərin şəhidlərlə bağlı maarifləndirilməsində orta məktəblərin üzərinə böyük məsuliyyət düşür.

Bəs məktəblərdə vətənpərvərliyin təbliği və şəhidlərin tanıdılması hansı istiqamətdə aparılır və ya aparılmalıdır?

147 saylı texniki-humanitar liseyin direktoru əvəzi Vüsalə Babayeva Missiya.Az-a açıqlamasında bildirib ki, vətənpərvərliyin təbliği və şəhidlərin tanıdılması davamlı proses olmalıdır.

“Təəssüfləndirici haldır ki, sorğuda iştirak edənlərin çoxu Vətən Müharibəsində şəhid olanların adlarını bilmirlər. Azərbaycan Vətən Müharibəsindən 3 minə yaxın şəhid verib. Sorğuda iştirak edən şagirdlər ən azı 10 şəhidin adını çəkə bilərdi. Qeyd edim ki, bizdə əksər hallarda, 20 Yanvar facəsini, Xocalı soyqırımını və digər hüzn günlərimizi yalnız il dönümü ərəfəsində xatırlama xüsusiyyəti var. Əslində belə olmamalıdır. Həmin günlərin təbliği davamlı xarakter almalıdır. Bunu şəhidlərin tanıdılması məsələsinə aid edə bilərik”.

Pedaqoq bildirib ki, məktəblilərə vətənpərvərlik ruhunun aşılanmasında valideynlər də xüsusi rol oynamalıdır.

“Şagirdlərə şəhidlərimiz dərs ili müddətində həmişə təbliğ edilməli, tanıdılmalıdır. Hər bir şagird, müəllim və valideyn öz vəzifəsini bilməlidir. Uşaqların tərbiyyəsində hərənin bir missiyası var. Məktəblilərin valideynləri övladlarına vətənpərvərliyin təbliğində və şəhidlərin tanıdılmasında böyük rol oynamalıdır. Onların üzərinə böyük vəzifə düşür. Deyə bilərəm ki, valideynlər övladlarına vətənpərvərlik ruhunu, şəhidlərin tanıdılmasını lazımi qədər aşılamır. İstər ailə, istər məktəb, istərsə də şagird bir-biri ilə qarşılıqlı iş aparmalıdır. Valideyn, şagird və müəllim halğası var. O halğalardan biri zəif olduğu halda, təbliğat prosesi effektiv nəticə vermir. Təbii ki, şəhidlərimizin tanıdılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Təmsil etdiyi məktəbdə şagirdlərin vətənpərvər ruhda yetişməsi üçün görülən tədbirlərdən danışan Vüsalə Babayeva bildirib ki, yeni tədris ilində 147 saylı məktəbdə ilk dərs “Xudayar təsnifi”, “Koroğlu” uverturası və Prezident İlham Əliyevin çıxışları ilə başlayıb.

“Qeyd edilən çıxışlar və musiqilər məktəbimizin radiosu vasitəsi ilə səsləndirilir. Məktəbimizdə şagirdlərə böyük zəng zamanı bir şəhidin həyatı, keçdiyi döyüş yolu barədə məlumat verilir. Bu məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanır. Hətta şagirdlərimiz bir-biri ilə məktəbin radiosunda çıxış edib, şəhidlər barədə məlumat vermək üçün rəqabətə girirlər. Həmçinin məktəbimizdə vətənpərvərlik ruhunun aşılanması, şəhidlərin tanınması məqsədi ilə hər sinifin qarşısında bir şəhidin şəkili asılıb. Həmin sinif otağı şəkili asılan şəhidin adını daşıyır. Bundan başqa məktəbimizdə şəhidlərlə bağlı məlumat guşələri yaradılıb. Görülən işlər şəhidlərin təbliği bağımından çox əhəmiyyətlidir”.

Elvin Məmmədov
Missiya.Az 



Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.10. istiqaməti üzrə (gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi) hazırlanmışdır.    



  • 25-10-2021, 16:42